2017-10-10

Bakı Dövlət Universiteti ilə Berlin Humboldt Universiteti arasında müqavilə imzalanıb

Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Auxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə BDU ilə Berlin Humboldt Universiteti arasında “Erasmus+Kao1” tələbə-müəllim mübadilə proqramı çərçivəsində müqavilə imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin tarixi və bu günü, beynəlxalq əlaqələri, o cümlədən Almaniyanın bir sıra universitetləri ilə elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan danışıb. Berlin Humboldt Universitetinin nümayəndələri ilə görüşləri xatırladan rektor doktorant mübadiləsi istiqamətində yeni layihəyə başlanılmasından məmnunluğunu ifadə edib.

Professor Eva-Mariya Aux təmsil etdiyi universitetin uğurlarından, o cümlədən kafedranın profilindən danışıb. Əmək fəaliyyəti barədə məlumat verən qonaq BDU-nun şərqşünaslıq fakültəsində ərəb dili, Leyptsiq Universitetində isə rus dili tərcüməçiliyi üzrə təhsil aldığını, 1985-ci ildə Qrayfsvalt Universitetində müasir tarix üzrə doktorantura dərəcəsinə yiyələndiyini qeyd edib. BDU-nun beynəlxalq əlaqələr departamenti və tarix fakültəsinin müəllimləri ilə səmərəli görüşlər keçirdiklərini söyləyən almaniyalı professor əlaqələrin bundan sonrakı inkişafında da maraqlı olduğunu vurğulayıb.

AZƏRTAC

Arxiv üzrə axtarış