2017-11-23

Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib

Azərbaycan Akkreditasiya Mərkəzi yekdilliklə Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib.

Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin edilməsi və yerli məhsulların ixrac potensialının artırılması üçün milli akkreditasiya sisteminin beynəlxalq aləmdə tanınması ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında iştirak edib.

İclasda çıxış edən komitə sədri Ramiz Həsənov ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft ixrac potensialının artırılması və ticarətin liberallaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar barədə məlumat verib. O bildirib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi uğurla davam etdirilir.

Sədr qeyd edib ki, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi və bu sahədə xarici təcrübənin tətbiqi üçün Prezidentin 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən, komitə tərəfindən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs təsis edilib və ona milli orqan statusu verilib.

Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatına assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb və Azərbaycan Akkreditasiya Mərkəzi yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib.

Bu üzvlük Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin Avropa keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq.

Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatının (EA) ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinniq layihəsi icra olunmaqdadır.

Assambleyanın iclası çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzi ilə Latviya Milli Akkreditasiya Bürosu və Macarıstan Milli Akkreditasiya Təşkilatı arasında Anlaşma Memorandumları imzalanıb.

AZƏRTAC

Arxiv üzrə axtarış