2017-12-01

Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25 illiyi Berlində etno-caz konsert proqramı ilə qeyd edilib

1 dekabr 2017-ci ildə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Azərbaycanın Almaniyadakı Səfirliyinin və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və SOCAR-ın Almaniya nümayəndələyinin dəstəyi ilə Berlinin nüfuzlu Kesselhaus musiqi sarayında “Cəngi” etno-caz qrupunun ifasında konsert proqramı təşkil olunub. 

Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə giriş nitqi ilə çıxış edib. 2017-ci ilin Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə yadda qaldığını deyən səfir Azərbaycan-Almaniya münasibətlərinin bütün sahələrdə dinamik inkişaf və uğurlu əməkdaşlıqla səciyyələndiyini bildirib.

Səfir iki dövlət arasındakı münasibətlərdə mədəniyyət sahəsinin özünəməxsus yeri olduğunu və azərbaycanlı caz ustalarının iştirakı ilə keçirilən sözügedən konsertin bunun bariz nümunəsi olduğunu bildirib. 1992-ci ildə yaradılmış və Mircavad Cəfərovun bədii rəhbəri olduğu “Cəngi” qrupu haqda məlumat verən səfir qrupun caz musiqisini Azərbaycanın milli musiqisi ilə ustalıqla sintez etdiyini və qrupun ifasının tədbir iştirakçılarına zövq verəcəyindən əmin olduğunu bildirib.   

Tədbir iştirakçılarını Almaniya-Azərbaycan Forumunun adından salamlayan qurumun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycan və Almaniya arasında münasibətlərin davamlı inkişafından və Forumun buna verdiyi töhfədən danışıb. Hans-Eberhard Şlayer təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələr, tədbirlər və alman iqtisadi dairələrinin Azərbaycana səfərləri barədə məlumat verib və qeyd edib ki, Berlində Azərbaycanın füsunkar etno-caz musiqisindən ibarət konsertin keçirilməsi Azərbaycanın zəngin mədəniyyətinin Almaniyada daha yaxından tanıtdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Daha sonra söz musiqiçilərə verilib və “Cəngi” etno-caz qrupunun ifasında Azərbaycanın tanınmış xalq və bəstəkar mahnıları caz musiqisi ilə sintez halında səsləndirilib. Musiqiçilər caz melodiyalarının müşayiəti ilə ud, tar, tütək və nağara kimi milli musiqi alətlərimizin imkanlarını ustalıqla nümayiş etdiriblər. Möhtəşəm konsert proqramını tamaşaçılar alqışlarla qarşılayıblar.

Böyük maraq doğuran konsertə Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, eləcə də elmi və mədəni ictimaiyyətin, mətbuatın, Berlindəki xarici diplomatik missiyaların və Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri qatılıblar.

Arxiv üzrə axtarış