2017-11-30

Azərbaycanın Almaniyadakı Səfirliyində alman jurnalistlərlə görüş keçirilib

Cari ilin 30 noyabr tarixində Azərbaycanın Almaniyadakı Səfirliyində CTOUR adlı alman turizm jurnalistlər şəbəkəsi ilə birlikdə tədbir keçirilib. Sözügedən şəbəkənin üzvü olan 30 alman jurnalistinin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib.

Tədbir iştirakçılarını  salamlayan Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov bu qədər alman jurnalistinin Azərbaycan səfirliyində toplanmasından məmnun olduğunu bildirib və bunun alman ictimaiyyətinin ölkəmiz haqda daha ətraflı məlumatlanması üçün əhəmiyyətli hadisə adlandırıb. Səfir 2017-ci ildə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlamətdar olduğunu, hər iki hadisə ilə əlaqədar silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib. Ramin Həsənov Azərbaycan və Almaniya arasında münasibətlərin dinamik inkişaf etdiyini və iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

O, Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini, ölkə iqtisadiyyatının diversifikasiyasında bu sahənin əhəmiyyətli yeri olduğunu bildirib. Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladığını, eləcə də Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin qəbul olunduğunu qeyd edib. Azərbaycanda böyük turizm potensialının olduğunu və turizmin müxtəlif istiqamətlərinin uğurla inkişaf etdiyini deyən səfir həmçinin Ermənistan tərəfindən torpaqlarımızın işğalı və işğalın nəticələrinə toxunub, münaqişənin həllinin ölkəmizdə turizmin inkişafı üçün əlavə imkanlar yaradacağını vurğulayıb.

Daha sonra CTOUR jurnalist şəbəkəsinin idarə heyətinin üzvü və qurumun sözçüsü Hans-Peter Qaul çıxış edərək təmsil etdiyi qurumun adından sözügedən tədbirin keçirilməsinə görə Azərbaycan Səfirliyinə təşəkkür edib. Jurnalist cari ildə qeyd edilən hər iki yubileyin ölkəmizin Almaniyada daha yaxşı təqdim olunması üçün əlverişli imkan yaratdığını və tədbir iştirakçılarının yüksək sayının Azərbaycana olan marağın göstəricisi olduğunu bildirib.

 

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı ölkəmizin və paytaxt Bakı şəhərinin turistik təqdimatını əks etdirən video-çarxlar nümayiş etdirilib.

Daha sonra səfirliyin mətbuat attaşesi Vüqar Qafarov Azərbaycanın turizm imkanları haqda təqdimat edib. O, Azərbaycanda mövcud olan turizm potensialından və turizmin inkişafı üçün görülən işlərdən, ölkə turizminin xüsusiyyətlərindən bəhs edib, Azərbaycanın həm təbii-landşaft, həm də tarixi-mədəni zənginliyinə görə xarici turistlər üçün maraqlı ölkə olduğunu bildirib. Vüqar Qafarov qeyd edib ki, müxtəlif sivilizasiyaların qovşağında yerləşən, Şərqlə Qərb arasında körpü olan Azərbaycanın tarixən formalaşmış multikultural mühiti və mədəni müxtəlifliyi ölkəmizin tarixi, ictimai-siyasi həyatı, musiqisi, ədəbiyyatı, incəsənəti, mətbəxi, memarlığı, o cümlədən məişətində öz əksini tapıb ki, bu da onu xarici turistlər üçün cazibədar edir. Vüqar Qafarov Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ASAN Viza sistemi, Azərbaycan və Almaniya arasında fəaliyyət göstərən hava nəqliyyatı, ölkəmizdə qorunan və təşviq edilən alman irsi və digər mövzulara dair alman jurnalistlərinə məlumat verib.

Daha sonra tədbirdə alman jurnalistlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda dünyəvilik, təhlükəsizlik, turizm infrastrukturu, Almaniya haqda təsəvvürlər, alman dilinə maraq və digər mövzularda sualları cavablandırılıb.

Sonda tədbir iştirakçıları Azərbaycan mətbəxinin incilərindən ibarət ziyafətə dəvət olunublar.

Alman jurnalistlərinə həmçinin ölkəmiz haqda məlumat broşürləri və Azərbaycan mədəniyyətinə dair materiallar təqdim olub.

Arxiv üzrə axtarış