2017-12-09

Azərbaycanın Almaniyadakı Səfirliyində diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə görüş keçirilib

09 dekabr 2017-ci ildə Azərbaycanın Almaniyadakı Səfirliyində  diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə ənənəvi illik görüş keçirilib. Görüşdə Almaniyanın müxtəlif bölgələrini təmsil edən diaspor təşkilatlarının rəhbərləri, icma fəalları və səfirlik əməkdaşları iştirak ediblər.

Tədbirin əvvəlində səfir Ramin Həsənov çıxış edərək görüş iştirakçılarını salamlayıb və Almaniyada diaspor fəaliyyəti ilə bağlı mövcud vəziyyətə nəzər salıb. O, qarşıda duran vəzifələrdən bəhs edərək diaspor təşkilatlarımızın həyata keçirdiyi işləri qeyd edib. Bu sahədə müşahidə olunan proseslərdən danışaraq Səfirliyin diasporla əməkdaşlığı məsələlərinə toxunub, əməkdaşlığın səmərəliliyinin artırılması ilə bağlı təklif və tövsiyələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir eyni zamanda Azərbaycan Xalq Cumhiriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını xatırladıb və növbəti il ərzində Azərbaycan diaspor təşkilatlarını tariximizin bu vacib səhifəsinə xüsusi diqqət göstərməyə çağırıb.

Daha sonra görüş diaspor cəmiyyətlərinin rəhbərləri və fəalları ilə interaktiv dialoq şəklində davam etdirilib. Diaspor nümayəndələri Almaniyada fəaliyyətləri, Azərbaycanın Almaniyada təbliğ edilməsi ilə bağlı apardıqları işlər barədə çıxışlar ediblər. Ötən il ərzində həyata keçirilmiş diaspor işi təhlil olunaraq, onun nəticələri və aktual məsələlər müzakirə olunub, 2018-ci il üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətləri, azərbaycanlıların alman cəmiyyətinə inteqrasiyası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış