2018-12-24

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Berlində qeyd olunub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə planlar və perspektivlər” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.

Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev tədbirdə çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. Y.Musayev rəhbərlik etdiyi Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəyliyə çağırıb.

Bakı Media Mərkəzinin əməkdaşı Tahir Əliyev tədbirdə çıxış edərək Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Son iclas” bədii-sənədli filmi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən film Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salan və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Son iclas” bədii-sənədli filmi nümayiş olunub və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirə dəvət olunmuş azərbaycanlı müğənni və musiqiçilərin ifasında xalq və bəstəkar mahnıları ifa edilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçılarına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.

Almaniyada yaşayan həmvətənlərimiz, Almaniya ictimaiyyətinin nümayəndələri, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları tədbirdə iştirak ediblər. 

Arxiv üzrə axtarış