2019-03-24

Novruz bayramı Almaniyada da qeyd olunub

Almaniyanın paytaxtında yerləşən Berlin Etnologiya Muzeyində Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın səfirliklərinin iştirakı ilə Novruz bayramı geniş şəkildə qeyd edilib.

Tədbiri Etnologiya Muzeyinin direktoru Lars Kristian Kox açıb. Sonra Etnologiya Muzeyinin Dostları İctimai Birliyinin sədri Yoxen Brüninq çıxış edərək Novruz bayramının qədim tarixə malik olması və onun geniş coğrafi məkanda qeyd edilməsi barədə məlumat verib. Daha sonra iştirakçı ölkələrdən gəlmiş milli musiqi qrupları öz proqramları ilə çıxış ediblər.

Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının iştirakı ilə ölkəmiz Novruz proqramında milli stendlə çıxış edib və Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu ilə təmsil olunub. Qrupun ifasında Azərbaycanın milli rəqsləri tamaşaçılara təqdim olunub.

Mindən çox tamaşaçının qatıldığı tədbirdə iştirakçı ölkələrin milli-mədəni irsi və adət-ənənələrini əks etdirən sərgi də nümayiş etdirilib. 

Arxiv üzrə axtarış