2019-04-30

Almaniya XİN-in qonaq evində Azərbaycanın multikulturalizm və dini tolerantlıq modeli müzakirə olunub

29 aprel 2019-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin Villa Borsig adlı mötəbər qonaq evində “Çoxmədəniyyətli cəmiyyətlərdə tolerant İslam” başlıqlı konfrans keçirilib. Tədbir Almaniya Xarici İşlər Nazirliyi, Azərbaycan və İndoneziyanın Almaniyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə İslam dini və müsəlman ölkələri barədə yanlış təsəvvürlərin qarşısının alınması üçün müxtəlif dinlərə qarşı tolerant münasibət bəsləyən, yerləşdiyi regionda və beynəlxalq aləmdə sülh və təhlükəsizliyə töhfə verən ölkələrin təcrübəsinin öyrənilməsi və bölüşülməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda Azərbaycan və İndoneziya nümunələrində multikulturalizm və dini tolerantlıq modelləri barədə geniş müzakirələr aparılıb. Azərbaycanın Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov Azərbaycan modeli barədə təqdimat edib.

Tarixən müxtəlif dinlərin və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin əsrlərdən bəri mövcud olması, ölkəmizdə müxtəlif etnik və dini qrupların hər zaman dinc yanaşı yaşaması, dünyəvi və demokratik respublika olan Azərbaycanda din azadlığının tam olaraq təmin edilməsi və müxtəlif dini icmaların dövlət tərəfindən mühafizə edilməsi, eləcə də multikulturalizmin Azərbaycanda rəsmi dövlət siyasəti olması barədə deyilənlər tədbir iştirakçıları tərəfindən böyük məmnunluqla qarşılanıb.

Sözügedən dəyərlərin Azərbaycanda müsəlman Şərqinin ilk demokratik dövlətinin qurulmasında, mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq Azərbaycan cəmiyyətində sülh və harmoniyanın hökm sürməsində və ölkənin regionda sabitləşdirici faktor olmasında oynadığı əhəmiyyətli rol təhlil edilib.   

Həmçinin dünyada dini ekstremizm və dini-ideoloji münaqişələrlə mübarizənin aparılması üçün tolerantlıq və multikultural mühitin hökm sürdüyü ölkələrin təcrübəsindən yararlanmağın əhəmiyyətindən danışılıb. Bu xüsusda Azərbaycanın dünya ölkələri üçün örnək olduğu vurğulanıb və ölkəmizin beynəlxalq aləmdə öz təcrübəsini bölüşmək, habelə dinlər və mədəniyyətlərarası dialoqa töhfə vermək üçün göstərdiyi fəaliyyət alqışlanıb.

Tədbirdə Almaniya və İndoneziyanın tanınmış ilahiyyatçı, tarixçi və mədəniyyətşünas alimləri, Almaniyanın müxtəlif universitet, KİV və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, Azərbaycan və İndoneziyanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Arxiv üzrə axtarış