2019-12-02

Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 29-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin nümayəndəsi Haynts Hetmayer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Almaniya iqtisadi əlaqələrinə, yerli və alman şirkətləri arasında əməkdaşlığa, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın icrasına və sahibkarlar üçün faydasına dair fikirlərini bölüşüblər.

Gələcək əməkdaşlığa dair müzakirələrin aparıldığı və təkliflərin səsləndirildiyi tədbirdə satış və marketinq sahəsində yeni texnologiyalar, innovasiyalar, Azərbaycan və Almaniyada startap hərəkatı, yeni ideyaların reallaşdırılması, menecment sahəsində dəyişikliklərin idarə olunması mövzularında panel iclaslar keçirilib.

Tədbir iştirakçıları həmçinin, proqramdan faydalanmış sahibkar və menecerlərin məhsullarından ibarət sərgi ilə tanış olublar.

Mənbə: https://economy.gov.az/article/menecerlerin-ixtisasinin-artirilmasi-uzre-almaniya-azerbaycan-emekdashligi/30595 

Arxiv üzrə axtarış