2019-12-06

Almaniyanın Ştutqart şəhərində Azərbaycana dair mədəniyyət tədbiri keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən Almaniyanın Ştutqart şəhərində yerləşən və 19-cu əsrə aid abidə hesab edilən “Alte Reiterhalle” zalında 05 dekabr 2019-cu ildə mədəniyyət tədbiri təşkil olunub.

Tədbir Almaniyada təhsil alan və çalışan azərbaycanlı musiqiçilərdən təşkil olunmuş yeni yaradılan “Odlar Yurdu Orkestri”nin ifasında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Arazbarı simfonik mugamının ifa olunması ilə açıq elan edilib.

Tədbirdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer, Baden Vürtemberq federal əyalətinin Kənd Təsərrüfatı və Ərzaq nazirliyinin dövlət katibi, Landtaqın üzvü xanım Fridlinde Qurr-Hirş (Friedlinde Gurr-Hirsch), Ulm şəhərinin baş meri Qünter Çij (Günther Czisch) və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev çıxış ediblər. Çıxışlarda Azərbaycanla Almaniya arasındakı münasibətlərin tarixindən, iki yüz il öncə Azərbaycana köç edən almanlardan və onların özlərindən sonra qoyduqları irsdən söz açılıb, Azərbaycan hökumətinin bu irsin qorunub saxlanılması istiqamətində atdığı addımlar haqqında məlumat verilib. Azərbaycandakı alman icmasının hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində öz deputatı ilə təmsil olunduğu diqqətə çatdırılıb, bu birgə tarixə dair geniş məruzə edilib. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Almaniyanın onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu, Azərbaycanın Qərbi Avropa regionunda ilk səfirliyinin məhz Almaniyada açıldığı qonaqların diqqətinə çatdırılıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin, eləcə də 2018-ci ildə Almaniya Federal kansleri xanım Angela Merkelin Azərbaycana səfərinin iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına xüsusi töhfələr verdiyi vurğulanıb. Almaniyanın Cənubi Qafqaz regionunda ən vacib iqtisadi tərəfdaşı olan Azərbaycanın Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli roldan bəhs edilib, bu yaxınlarda Türkiyənin İpsala regionunda açılı olmuş TANAP qaz boru kəmərinin bunun bariz nümunsi olduğu nəzərə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən siyasi-iqtisadi islahatlardan, müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdən söz açılıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, təhsil və elm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın olduğu bildirilib. Azərbaycanda alman dilinə böyük marağın olduğu, hər il çox sayda azərbaycanlı gəncin təhsil almaq üçün Almaniyaya gəldiyi, Azərbaycanda DAAD və Göte Mərkəzinin fəaliyyət göstərdiyi, Berlində Azərbaycan Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin təsis edildiyi diqqətə çatdırılıb. Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətindən, Fondun mədəniyyətimizin təşviqinə töhfələrindən və həyata keçirdiyi çoxsaylı layihələrdən geniş bəhs olunub.

Mədəniyyət axşamı bədii rəhbəri Fəridə Rüstəmova olan, Almaniyada yeni yaradılmış “Odlar Yurdu Orkestri”nin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Səid Rüstəmov, Aqşin Əlizadə, Volfqanq Amadeus Motsart və Ludviq van Bethoven kimi bəstəkarların əsərlərinin səsləndirildiyi konsert ilə davam edib. Orkestrin ifası qonaqlar tətəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə Almaniyanın Baden Vürtemberq əyalətinin ictimai-siyasi, mədəni və elmi dairələrinin təmsilçiləri, Baden Vürtemberq əyalətində akkreditə olunmuş diplomatik korpusun üzvləri, kütləvi informasiya vasitələrinin və Almaniyadakı diasporamızın nümayəndələri iştirak ediblər.

Konsertdən sonra iştirakçılara ziyafət verilib. 

 

Arxiv üzrə axtarış