2019-12-26

Almaniyanın Köln şəhərində daha bir Azərbaycan evi açılıb

Xaricdə yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan evlərindən daha biri dekabrın 25-də Almaniyanın Köln şəhərində açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Strateji Yol Xəritəsinə uyğun olaraq yaradılan Azərbaycan evi Kölndəki soydaşlarımızın istifadəsinə verilib. Digər şəhərlərdə olduğu kimi, Kölndəki Azərbaycan evi də soydaşlarımızla yanaşı, dövlətimizi və xalqımızı sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq müzakirə məkanı, görüş yeridir.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan evlərinin əhəmiyyətindən danışıb, bu evlərin soydaşlarımızın birliyi, birgə fəaliyyət göstərmələri üçün xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Soydaşlarımız bu evlərin yaradılmasını xaricdə yaşayan azərbaycanlılara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nümunəsi kimi qiymətləndiriblər.

Tədbir Azərbaycan mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Mənbə: https://azertag.az/xeber/1376145 

 

Arxiv üzrə axtarış