2020-03-06

Azərbaycan Respublikasında koronavirusla bağlı aparılan profilaktik tədbirlər və ümumi vəziyyət barədə məlumat

Profilaktik tədbirlər

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunmuşdur.
Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilmişdir.
Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. 
Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Həmçinin sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılır. 

Koronavirusdan qorunma tədbirləri

ÜST, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) koronavirusla bağlı əhaliyə aşağıdakılara əməl etməyi tövsiyə edir.

Özünüzü və başqalarını xəstəlikdən qoruyun

  • öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün;
  • öskürdükdən və asqırdıqdan sonra əllərinizi  sabunla yuyun;
  • əllər vizual olaraq çirkli göründükdə onları sabunla yuyun.
  • spirt tərkibli təmizləyicidən istifadə edin;
  • xəstələrə qulluq edərkən əllərinizi sabunla yuyun;
  • xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış birbaşa təmasdan çəkinin;
  • heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin;
  • sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılarından çəkinin;
  • heyvanlara, heyvan məhsullarına və heyvan tullantılarına toxunduqdan dərhal sonra əllərinizi sabunla yuyun;
  • xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin;
  • xəstə və ölü heyvanlar yeyilməməlidir;
  • sanitar qovşağından istifadə etdikdən sonra əllərinizi sabunla yuyun;
  • qida təhlükəsizliyini tətbiq edin;
  • yemək hazırlamazdan öncə və sonra, eləcə də yeməkdən əvvəl əllərinizi sabunla yuyun;
  • ət məhsullarını və yumurtanı tam bişirin;
  • çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin;
  • əllərinizi çiy və bişmiş qidalara toxundurduqdan sona sabunla yuyun;
  • alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər;
  • avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin;
  • işdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın;
  • ailə üzvlərinizi çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin;
  • istifadə olunmuş salfetləri qapalı zibil qutusuna atın;
  • koronavirus infeksiyası riskini azaldın;
  • Sağlam qalın!

Ölkədə ümumi vəziyyət

Koronavirusun yayıldığı ölkələrdən respublikaya gələn vətəndaşlar ilkin müayinədən keçirlər. İlkin müayinə nəticəsində xəstəliyin əlamətləri aşkar edilərsə, həmin şəxslər həkim nəzarəti altında müvafiq xəstəxanalarda karantinə yerləşdirilirlər. ÜST-ün tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib. Respublikada koronavirusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur.

Aparılmış müayinə və testlər nəticəsində hazırda ölkədə ümumilikdə 6 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onların səhhətləri ciddi nəzarətdə saxlanılır, müalicələri ilə bağlı zəruri tədbirlər görülür. Həmçinin onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Əhalinin nəzərinə!

Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar ÜST-ün müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.

Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır! Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq  müvafiq tədbirlər görüləcəkdir.

Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyasının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.

Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər.

Vətəndaşlar koronavirusla bağlı məlumatları Agentliyin 1542 nömrəli Çağrı mərkəzinə zəng etməklə əldə edə bilərlər. Koronavirusla bağlı xətt 7 gün 24 saat fəaliyyət göstərir.

Bundan əlavə, koronovirusla bağlı sizi maraqlandıran suallara cavabı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış  təlimatdan  əldə edə bilərsiniz.

Mənbə: https://its.gov.az/page/koronavirus-haqqinda-umumi-melumat

Qeyd: Azərbaycanda koronavirus ilə bağlı ümumi vəziyyətə dair son məlumatla tanış olmaq istəyənlər sözügedən məlumatı Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəmadi olaraq yenilənən, yuxarıda qeyd olunan internet səhifəsindən əldə edə bilərlər.

Arxiv üzrə axtarış