2020-04-15

Almaniyada səfərdə olan, yaranmış vəziyyət ilə əlaqədar ölkəni tərk edə bilməyən və vizalarının müddəti ilə bağlı çətinliklərlə üzləşən Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Almaniya Federativ Respublikasının Daxili İşlər, Tikinti və Vətən Nazirliyi 8 aprel 2020-ci il tarixində Şenqen vizası ilə Almaniya ərazisinə daxil olmuş və COVİD-19 pandemiyası səbəbindən beynəlxalq sərnişin daşımalarının məhdudlaşdırılması ilə əlaqədar olaraq ölkəni tərk edə bilməyən üçüncü ölkə vətəndaşlarının (əcnəbilər) Almaniyada yaşayış icazəsi alınması tələbindən müvəqqəti olaraq azad olunması qaydasını tənzimləyən qərar qəbul etmişdir.

9 aprel 2020-ci il tarixində qüvvəyə minmiş qərara görə 17 mart 2020-ci il tarixində qüvvədə olan Şenqen vizası ilə Almaniya Federativ Respublikasının ərazisində olan və ya qeyd olunan tarixdən sonra və bu qərarın qüvvəyə minmə tarixindən əvvəl qüvvədə olan Şenqen vizası ilə Almaniya Federativ Respublikasının ərazisinə daxil olmuş və müvafiq olaraq bu qərarın verilmə tarixində Almaniya Federativ Respublikasının ərazisində olan əcnəbilər Şenqen vizalarının müddətinin bitmə tarixindən etibarən 30 iyun 2020-ci il tarixinədək yaşayış icazəsi almaq tələbindən azad edilirlər.

Yaşayış icazəsi almaq tələbindən azad olmuş əcnəbilərin malik olduğu Şenqen vizası gəlirli əmək fəaliyyəti göstərmək üçün hüquq verərsə, 30 iyun 2020-ci il tarixinədək belə fəaliyyətin icrasına icazə verilir. Bu fəaliyyət həmçinin, Almaniya Federativ Respublikasının “Yaşayış haqqında Qanunu”nda məşğulluq hesab edilməyən fəaliyyətləri də əhatə edir.

Sözügedən qərarla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.bmi.bund.de/SharedDocs/pressemitteilungen/DE/2020/04/schengen-visa-keine-strafbarkeit.html

Arxiv üzrə axtarış