2021-01-20

Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

 

20 yanvar 2021-ci ildə Berlində, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində 20 Yanvar hadisələrinin 31-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib, həmin günün eyni zamanda müstəqillik uğrunda mübarizə tariximizin ən şanlı səhifələrindən biri, qürur və şərəf tariximiz olduğunu vurğulayıb. Bildirib ki, qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ancaq qəhrəman övladlarımız özlərini qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açıblar. Səfir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini, şəhidlərimizin qanının yerdə qalmadığını, ölkəmizin tarixi zəfər qazandığını və qələbəmizin şəhidlərin ruhuna ehtiramın ən yüksək ifadəsi olduğunu xüsusilə qeyd edib. O, diqqətə çatdırıb ki, 20 Yanvar qəhrəmanlıq tariximizdən uzun müddət keçsə də, baş verənlər unudulmur, vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olur. Bu gün xalqımız Şəhidlər xiyabanını qürurla, başı uca ziyarət edirlər.

20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükuta yad edilib.

Arxiv üzrə axtarış