2020-03-21
Almaniyada səfərdə olan, yaranmış vəziyyət ilə əlaqədar ölkəni tərk edə bilməyən və vizalarının müddəti ilə bağlı çətinliklərlə üzləşən Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Berlin senatından daxil olmuş məlumata əsasən bildiririk ki, Berlində səfərdə olan, yaranmış vəziyyət ilə əlaqədar ölkəni tərk edə bilməyən və vizalarının müddəti ilə bağlı çətinliklərlə üzləşən əcnəbi vətəndaşlar 23 mart 2020-ci il tarixindən etibarən Əcnəbilərlə İş İdarəsinin (Ausländerbehörde) internet ünvanına (https://www.berlin.de/einwanderung/aufenthalt/befristet/) daxil olaraq onlayn qeydiyyatdan keçə və  müvafiq arayış (Bescheinigung) çap edə bilərlər.  Eyni zamanda, Əcnəbilərlə İş İdarəsinin göstərilən tarixdən etibarən fəaliyyət göstərəcək “Qaynar Xətt” telefonuna - (030) 90269-5507 və (030) 90269-5507 zəng vuraraq suallar ünvanlamaq mümkün olacaqdır. Məlumatda bu kateqoruyadan olan şəxslərin mümkün olduğu halda 90 gün müddətində ölkəni tərk etmələrinə çağırış edilir, amma fövqəladə halla bağlı olduğu üçün göstərilən müddətdə ölkəni tərk edə bilməyən şəxslərə hər hansı problem yaradılmayacağı qeyd olunur.

Almaniyanın Xarici İşlər Nazirliyindən daxil olmuş məlumata əsasən, tərəfimizdən ölkənin digər federal əyalətlərində olan və haqqında bəhs edilən çətinliklərlə üzləşən vətəndaşlarımıza da viza məsələləri (ehtiyac olduğu təqdirdə) ilə bağlı olduqları ərazidə yerləşən Əcnəbilərlə İş İdarəsinə (Ausländerbehörde) müraciət etmələri, həmin qurumların internet səhifələrini mütəmadi olaraq izləmələri və orada göstərilənlərə əməl etmələri tövsiyə olunur.

növbəti xəbər əvvəlki xəbər