“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Tarixi icmal

Qarabağ bölgəsi tarixən həmişə Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Qədim dövrdən etibarən XIX əsrin əvvəllərində Rusiya imperiyasının əsarəti altına alınmasına qədər Qarabağ müxtəlif Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuşdur. 14 may 1805-ci ildə Qarabağ xanı İbrahim Xan və Rus imperatorunun nümayəndəsi general Pavel Sisianov arasında imzalanmış Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiyanın hakimiyyəti altına düşmüşdür.

 

Gülüstan (12 Oktyabr 1813-cü il) və Türkmənçay (10 Fevral 1828-ci il) müqavilələrinin imzalanmasından sonra ermənilər çox sürətli və kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülmüş və bunun ardınca süni ərazi bölgüsü aparılmışdır.[i]

 

Rəsmi mənbələrə əsasən,  təkcə 1828-1911-ci illərdə bir milyondan çox erməni İran və Osmanlı Türkiyədən Azərbaycan əraziləri daxil olmaqla Cənubi Qafqaz regionuna köçürülmüşdür.[ii] 

 

Rusiya İmperiyası zamanı hazırkı Ermənistan ərazisi də daxil olmaqla bütün Azərbaycan əraziləri müxtəlif inzibati vahidlərə bölünmüşdür. Yekun inzibati bölgüyə görə Azərbaycan ərazisində Bakı, Yelizavetpol, İrəvan quberniyaları və Zaqatala dairəsi yaradılmışdır. Yelizavetpol quberniyasına 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmış ərazilər də daxil idi.

 

1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı bir sıra genişmiqyaslı qanlı qırğınlar törətmişlər. Kütləvi qırğınlar Bakıda başlamış və sonradan bugünkü Ermənistan ərazisindəki Azərbaycan kəndləri də daxil olmaqla bütün Azərbaycan ərazisini əhatə etmişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış və yer üzündən silinmiş, minlərlə mülki şəxs vəhşicəsinə öldürülmüşdür.

 

Birinci dünya müharibəsindən və Rusiyada 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri öz planlarını bolşevizm bayrağı altında həyata keçirməyə başlayırlar. Belə ki, 1918-ci ilin mart ayında Bakı kommunası "əksinqilabi elementlərlə mübarizə" şüarı altında azərbaycanlıların bütün Bakı quberniyasında məhv etmək məqsədi daşıyan planı reallaşdırmağa başlayır. Bakıdan başqa, məhz etnik mənsubiyyətlərinə görə Şamaxı və Quba bölgələrində, eləcə də Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində minlərlə azərbaycanlı qəddarcasına öldürülür. Bu ərazilərdə mülki əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılmış və yer üzündən silinir.

 

28 May 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının müstəqilliyi elan edilir. 1919-cu ilin aprel ayında Müttəfiq dövlətlər, həmin ilin yanvarında Azərbaycan Demokratik Respublikası hökuməti tərəfindən təsis edilmiş Qarabağ general-qubernatorluğunu tanıyırlar. General-qubernatorluğun tərkibinə inzibati mərkəzi Şuşa şəhəri olmaqla Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları daxil idi. Həmin ildə, Qarabağın yuxarı hissəsinin erməni milli assambleyası Azərbaycanın hakimiyyətini rəsmən tanıyır.[iii] Bu fakt Qarabağın həmin dövrdə “müstəqil qanuni qurum” və ya “müstəqil siyasi vahid” kimi statusa malik olması ilə bağlı erməni tərəfinin iddialarını tamamilə təkzib edir. Bu həm də Ermənistanın Qarabağı “Ermənistan ərazisi” kimi elan etmək siyasətinin iflasa uğramasını göstərirdi.

 

Britaniyalı jurnalist Skotland-Liddel 1919-ci ildə Şuşadan yazırdı: "Qarabağa sülh gəldi. Ermənilər Azərbaycan hökumətinə itaət etməyə razılaşdılar... Ermənilərin dediyinə görə, Şuşa və Qarabağda əvvəllər heç vaxt belə bir nizam və sülh olmamışdır... Hər iki xalq həyat tərzini dinc şəkildə davam etdirməyə hazırdır və təxribatçıların müdaxiləsi olmazsa  bu belə də davam edər. İnanıram ki, ermənilər Zaqafqaziyanın digər hissələrində erməni-[azərbaycanlı]  qırğınına  görə məsuliyyət daşıyırlar. Təbliğat işinə gəldikdə, bir erməni təbliğatçısı öz işini vicdanla yerinə yetirir, amma əminəm ki, onların Zaqafqaziyadakı fəaliyyəti sadəcə təxribatdır".[iv]

 

1920-ci ildə Sovetlərin Cənubi Qafqazı ələ keçirtdikdən sonra Ermənistan yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü.

 

Faktlar göstərir ki, 70 illik Sovet hakimiyyəti dövründə Ermənistan Azərbaycan hesabına ərazisini genişləndirməyi və hər cür vasitələrdən istifadə etməklə azərbaycanlıları öz torpaqlarından qovmağa nail olmuşdur. Həmin dövrdə bu siyasət sistematik və metodik şəkildə həyata keçirilmişdir.

 

Ermənistan ərazisinə gəldikdə isə erməni alimlərinə öz etiraflarına görə, 4 iyun 1918-ci il tarixində Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistan ilə imzaladığı Batum müqaviləsi əsasında 28 may 1918-ci ildə Cənubi Qafqazda yaranmış ilk erməni dövlətinin 29 may 1918-ci ildə Azərbaycan tərəfindən güzəşt edilən paytaxtla birlikdə ərazisi indiki Ermənistanın qərb hissəsini əhatə etməklə ən azı 8000[v], 9000[vi] və ən çoxu isə 10.000 kv.km[vii] təşkil edirdi.

 

30 Noyabr 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının Bolşevik Rusiyası tərəfindən işğal  olunmasından sonra Ermənistanın sovetləşdirilməsi məqsədi ilə Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın tərkibinə daxil edildi. Nəticədə, Naxçıvan bölgəsi Azərbaycanın əsas hissəsindən ayrı salındı.

 

12 mart 1922-ci ildən 5 dekabr 1936-cı ilədək Azərbaycan, Gürcüstan və Ermənistan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasını (ZSFSR) təşkil edirdilər. Azərbaycanın ZSFSR-ə qəbul olunmasına qədər Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi və Şərur-Dərələyəz qəzasının üçdə ikisi artıq Ermənistan ərazisi tərkibinə daxil edilmişdi. Azərbaycanın ZSFSR-ə qəbulundan sonra isə Qazax qəzasının bir xeyli hissəsi, Cəbrayıl qəzasından və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasından bir sıra kəndlər Ermənistanın ərazisinə daxil edildi.

 

Beləliklə, “sovetləşdirmə” nəticəsində Ermənistan ərazisi əsasən Azərbaycan torpaqları hesabına 8.000-10.000 km2-dən 29.800 km2-ə qədər artdı.

 

Sovet dönəmində çox sayda erməninin xaricdən mühacirəti və azərbaycanlıların doğma torpaqlarından qovulması baş vermişdir. Belə ki, erməni mənbələrinə görə 1921-1936-cı illər ərzində Ermənistana təxminən 42,000-dən çox erməni köçürülmüşdür.[viii] Ermənistanda əhalinin demoqrafik tərkibinin süni şəkildə dəyişdirilməsinə doğru növbəti addım Stalinin 1945-ci ilin noyabrında xarici ermənilərin immiqrasiyası haqqında fərmanı oldu. Fərmana əsasən  Ermənistan 1946-cı ildə 50.000-dən çox, 1947-ci ildə 35.400-dən çox və 1948-ci ildə təxminən 10.000 immiqrant qəbul etdi.[ix]

 

Xaricdən gələn ermənilərin məskunlaşdılrılması bəhanəsi ilə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixlərində Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsinə dair xüsusi qərarlar qəbul etdi. Bu qərarlara əsasən, 1948-1953-cü illərdə 150.000-dən çox azərbaycanlı öz tarixi yurdlarından, Ermənistanın dağlıq bölgələrindən,  o zamanda susuz Muğan çöllərinə və Mil yaylasına zorla köçürüldü. Eyni zamanda, 1961-ci ilin ortalarına qədər Ermənistana 200.000 erməni köçdü[x] və 1962-1973-cü illər arasında mühacirət etmiş ermənilərin sayı 26.100 nəfər idi.[xi]

 

Ermənistanın Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı iddialarına gəldikdə isə qeyd olunmalıdır ki, 5 iyul 1921-ci il tarixində Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu yuxarı və aşağı Qarabağ arasında iqtisadi əlaqələri nəzərə alaraq, “Dağlıq Qarabağın” Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılması və Şuşa şəhəri inzibati mərkəz olmaqla ona geniş muxtariyyətin verilməsi barədə qərar qəbul etmişdir. Qərarın mətni sübut edir ki, Büro “Dağlıq Qarabağın” Azərbaycan SSR-yə Ermənistan tərəfinin iddia etdiyi kimi “verilməsi” və ya onun Azərbaycan hakimiyyətinə “tabe edilməsi” deyil, məhz Azərbaycan SSR-nin tərkibində qalması barədə qərar vermişdir.

 

Iki il sonra, 7 iyul 1923-cü il tarixində Xankəndi şəhəri (1923-cü ilin sentyabr ayında Xankəndi şəhərinin adı dəyişdirilərək, erməni bolşevik lideri olan Stepan Şaumyanın şərəfinə Stepanakert adı verilmiş, daha sonra 1991-ci ilin noyabr ayında yenidən şəhərin Xankəndi adı bərpa edilmişdir) inzibati mərkəz olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılmışdır.[xii] Lakin, bundan fərqli olaraq, Ermənistanda yaşayan 300,000-dən çox azərbaycanlıya istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət verməkdən imtina edilmişdir.

 

DQMV-nin inzibati sərhədləri elə müəyyənləşdirilmişdir ki, erməni əhalisinin çoxluğu təmin edilsin.

 

Ermənistanın DQMV-nin erməni əhalisinə qarşı ayrı-seçkilik barədə iddiaları reallığı əks etdirmir. Əslində, DQMV bütün əsas özünüidarəetmə elementlərinə sahib idi.

 

DQMV-nin hüquqi statusu SSRİ və Azərbaycan SSR Konstitusiyaları, həmçinin 16 iyun 1981-ci il tarixində qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun ilə tənzimlənirdi.

 

Bir muxtar bölgə kimi DQMV erməni əhalisinin xüsusi tələbatlarını təmin edən hüquqlara malik idi. Keçmiş SSRİ-nin Konstitusiyasına əsasən, DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu.

 

Erməni dili bütün yerli inzibati və məhkəmə orqanları, eləcə də vilayətin təhsil, yerli televiziya, radio yayımları və qəzetlərində istifadə edilirdi. Bu isə erməni əhalisinin geniş dil hüquqlarını əks etdirirdi.

 

1971-ci ildən 1985-ci ilədək DQMV-nin inkişafına 483 milyon rubl sərmayə qoyulmuşdur. Bu, ötən 15 il ilə müqayisədə 2,8 dəfə artıq idi. 1981-1985-ci illərdə ötən 20 ilə nisbətən adambaşına düşən kapital yönəlmiş sərmayələrin həcmi təxminən 4 dəfə artmışdır (1961-1965-ci illərdəki 59 rubl ilə müqayisədə 1981-1985-ci illərdə 226 rubl). Bundan öncəki 15 il ərzində Azərbaycanda mənzil tikintisi adambaşına 3.64 kv.m. təşkil edirdisə, DQMV-də bu rəqəm 4.76 kv.m. idi. Üstəlik, DQMV-də 10.000 nəfər üçün xəstəxana çarpayılarının sayı respublikanın digər rayonlarından 15 faiz artıq idi.

 

DQMV məktəbəqədər yerlərin sayına görə respublikanın rayonları arasında nisbətən yüksək yer tuturdu. Belə ki, 1971-1985-ci illər ərzində vilayətdə hər 10.000 nəfərə düşən uşaq müəssisələrinin sayı respublika üzrə orta göstəricidən 1,4 dəfə artıq idi. Həmçinin bu ərazidə olan ümumtəhsil məktəblərində hər 10.000 nəfər əhaliyə olan yerlərin sayı respublika orta göstəricilərinə nisbətən 1,6 dəfə irəlidə idi.

 

DQMV-nin mənzil, mal və xidmətlərin təminatı və keyfiyyəti üzrə göstəriciləri respublikanın digər ərazilərinin göstəricilərindən daha yüksək olması faktı vilayətin sosial və mədəni inkişafını əks etdirirdi. DQMV-də çoxmənzilli binalarda adambaşı yaşayış sahəsi respublikadakı orta göstəricidən təxminən 30%, kəndlilərin yaşayış sahəsi isə ümumrespublika göstəricilərindən 1,5 dəfə artıq idi. Bundan əlavə, DQMV-nin əhalisinin daha çox tibbi xidmətlərə və mədəniyyət mərkəzlərinə, həmçinin orta hesabdan 1,6 dəfə artıq kitabxanalardan istifadə etmək imkanları da var idi.

 

Sosial inkişaf baxımından, DQMV bütövlükdə Azərbaycanın orta yaşayış səviyyəsi göstəricilərini üstələyirdi. Bütün respublikada, o cümlədən vilayətdə mədəniyyət müəssisələrinin inkişafında əhəmiyyətli tərəqqi müşahidə olunurdu.

 

1988-1989-cu tədris ilində Qarabağda erməni dilini tədris dili kimi istifadə edən 136 orta ümumtəhsil məktəbi (16.120 şagird) mövcud idi. Xankəndi Dövlət Pedaqoji İnstitutunda 2.130-dan artıq tələbə Azərbaycan, erməni və rus bölmələrində təhsil alırdı. Bundan əlavə, DQMV-də  erməni və rus dillərində təhsil verən onlarla ixtisaslaşdırılmış orta məktəb və peşə hazırlıq məktəbləri fəaliyyət göstərirdi.

 

Erməni dilində beş müstəqil dövr nəşri çapdan çıxırdı. Respublikanın dağlıq rayonlarında və paytaxtından uzaqda yerləşən Azərbaycanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq, DQMV zəruri televiziya və radio proqramlarının qəbulu üçün texniki infrastrukturla təchiz edilmişdi.

 

Faktiki olaraq, statistika DQMV-nin bütövlükdə Azərbaycandan daha sürətlə inkişaf etdiyini göstərir. DQMV-nin Azərbaycan daxilində mövcudluğu və inkişafı o zamankı muxtariyyət formasının vilayətdəki əhalinin spesifik iqtisadi, sosial, mədəni və milli xüsusiyyətlərini, həmçinin həyat tərzini tam şəkildə əks etdirdiyini təsdiqləyir.

 

1987-ci ilin sonunda Ermənistan açıq şəkildə Azərbaycanın Qarabağ bölgəsinə iddia qaldırdı. Bu iddialardan öncə Ermənistanın təhriki ilə Azərbaycanın Qarabağ bölgəsində, eləcə də Ermənistanda yaşayan azərbaycanlılara qarşı mülki şəxslərin ölümü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnmiş hücumlar baş vermişdir. Ərazi iddialarının irəli sürülməsindən qısa bir müddət sonra, 250.000-dən çox azərbaycanlı Ermənistandan qovuldu. 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində münaqişə hərbi mərhələyə qədəm qoydu.

 

1978-ci ildə DQMV-nin Marağa şəhərində ermənilərin Qarabağa köçürülməsinin 150 illik yubileyinə həsr olunmuş abidə ucaldılmışdır. Bu,  Qarabağda ermənilərin əsl tarixini əks etdirirdi. Lakin bununla bağlı bütün izlərin silinməsi məqsədilə, ermənilər 1988-ci ildə həmin abidəni məhv etmişdir. Buna baxmayaraq, abidənin bu şəkli hələ də mövcuddur. 

[i] И.Шопен, Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи; Санкт-Петербургъ: В тип. Имп. Акад. наук, 1852, səh. 636, səh. 639-641, səh. 706; Н. Шавров, Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам; С.-Петербург: Тип. редакции период. изданий Мин. финансов, 1911, səh. 59-60.

[ii] История армянского народа (С древнейших времён до наших дней), под редакцией проф. М. Г. Нерсисяна. Издательство Ереванского Университета, ЕРЕВАН — 1980, səh. 268;  Сборник статистических сведений о Кавказе, том I, отдел I, часть 3, ред. И.И. Воронов (Тифлис: Типография Главного управления наместника Кавказского и Меликова и Ко, 1869 г.); Кавказский календарь на 1917 год. И.П. Степальщук (ред.); Тифлис: Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, 1916 г., səh. 183, səh. 219-221; Акты, собранные Кавказской Археографической комиссией: под общ. ред. А. Д. Берже. - Тифлис: Тип. гл. упр. Наместника Кавк., 1866-1904. Т. IV: под ред. А. Д. Берже. - 1870. Sənəd 37, səh. 37.

[iii] Provisional agreement between the Government of Azerbaijan and the Armenians of Nagorny Karabakh, 26 August

1919; To the History of Formation of the Nagorny Karabakh Autonomous Oblast of the Azerbaijan SSR.

1918-1925: Documents and Materials (Baku: Azerneshr, 1989), səh. 23-25. See also Tadeusz Swietochowski, Russia

and Azerbaijan: A Borderland in Transition (New York: Columbia University Press, 1995), səh. 75-76.

[iv] Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsi, f. 894, siy. 10, iş. 103, v. 18.

[v] G. Galoyan, Struggle for the Soviet rule in Armenia (Moscow: State Publishing House of Political Literature, 1957), səh.92

[vi] S. P. Agayan, Great October and struggle of labours in Armenia for the victory of the Soviet rule (Yerevan: Publishing House of the Academy of Sciences of Armenian SSR, 1962), səh. 174; E. C. Sarcissian, Expansionary policy of the Ottoman Empire in the Transcaucasia on the eve and in the years of the First World War (Yerevan: Publishing House of the Academy of Sciences of the Armenian SSR, 1962), səh. 365.

[vii] История армянского народа, səh. 283.

[viii] Yenə orada, səh. 336

[ix] Yenə orada, səh. 366

[x] Documents of Foreign Policy of the USSR (Moscow: State Publishing House of Political Literature, 1962), volume 6, note 33, səh. 611.

[xi] История армянского народа, səh. 418.

[xii] 1991-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə “DQMV” inzibati ərazi vahidi kimi ləğv olunub.

Paylaş
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti