Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydası
Pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıda qeyd olunan sənədləri təqdim etməklə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Səfirliyin Konsulluq bölməsinə müraciət edə bilərlər.
Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
- Ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10 saylı qrafaları doldurulmalıdır. Ərizə-anketin 10.3 Xüsusi qeydlәr bölməsində səfər tarixi qeyd olunmalıdır);
- Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə AR ümumvətəndaş pasportunun əsli və surəti, Pasport itdikdə və ya oğurlandıqda pasportun və ya vətəndaşın şəxsiyyətini təsdiq edən hər hansı sənədin əsli və ya surəti;
- Rəngli fotoşəkil - 2 ədəd (3x4);
- 10 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz. (Qeyd: 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsinə görə dövlət rüsumu tutulmur).
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.
Diqqət: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur. Həmçinin ərizə-anketinin son bölməsində səfər tarixinin qeyd olunması xahiş olunur.
Qeyd: Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi məqsədilə vətəndaşlar şəxsən və ya poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər.
Şəxsən müraciət olunduğu halda növbə götürmədən Səfirliyin konsulluq bölməsinin qəbul günlərində müraciət etmək mümkündür. Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir. (Diqqət! Şəxsən müraciət edildiyi halda tələb olunan sənədlər yuxarıda göstərilən qəbul günlərində saat 09:00-12:00-dək təqdim olunur, qayıdış şəhadətnaməsi isə həmin günün ikinci yarısında hazırlanıb vətəndaşa şəxsən təhvil verilir).
Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün müraciətlər həmçinin poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə göndərilə bilər: Qayıdış şəhadətnaməsi poçt vasitəsilə geri göndəriləcəyi halda, üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Qeyd: Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.
Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilir. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada qayıdış şəhadətnaməsi rəsmiləşdirilir.
Son yenilənmə tarixi: 01.07.2023