17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətləri təmsil edən 17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursunu uğurla başa çatdırıb.
“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkar və menecerlərimiz 25 mart – 19 aprel tarixlərində Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim, istehsal müəssisələrində isə təcrübə keçiblər. Təlim müddətində sahibkar və menecerlərin Almaniyanın “KIN” Qida İnstitutuna səfəri təşkil edilib, kənd təsərrüfatı, meşəçilik, kimya sənayesi sahələrində fəaliyyət göstərən alman şirkətlərində görüşlər keçirilib.
Təlim müddətində həmçinin, hər iki ölkənin adət-ənənələri ilə tanışlıq məqsədilə mədəni tədbirlər də təşkil olunub.
Məlumat üçün bildirək ki, indiyədək 402 sahibkar və menecer Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 20 sahibkar və menecerdən ibarət növbəti qrup 11 iyun - 6 iyul tarixlərində Almaniyada təlim və təcrübə kecəçəkdir.
Mənbə: https://economy.gov.az/article/17-sahibkar-ve-menecer-almaniyada-ixtisasartirma-kursu-kechib/30102