Almaniya ictimaiyyəti Azərbaycanın iqtisadi nailiyyətləri barədə məlumatlandırılıb
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov "Wirtschaft TV" ("İqtisadiyyat TV") internet televiziyasına müsahibəsində iqtisadiyyatımızın cari vəziyyəti, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət, Azərbaycanın Almaniya, eləcə də Avropa ilə iqtisadi əlaqələri barədə danışıb.
Səfir qeyd edib ki, son 20 ildə Azərbaycana 200 milyard ABŞ dollarından çox investisiya qoyulub. Bu investisiyanın yarısı xaricdən gələn birbaşa investisiyadır. Onun bir hissəsi neft və qaz sektoruna yatırılıb. Eyni zamanda, qeyri-enerji sektoruna da çoxlu yatırımlar edilib. Məqsədimiz neft və qaz ölkəsi kimi iqtisadiyyatımızı diversifikasiya etməkdən ibarətdir. Buna görə də biz keçmişdə bu imkanlardan istifadə edərək enerji sektorundan əldə etdiyimiz gəlirləri qeyri-neft sektoruna yatırmışıq. Bir neçə il ərzində biz iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə idik – iqtisadiyyatın artımı 35 faizə qədər təşkil edirdi. Bu gün vəziyyət bir qədər başqa olsa da ölkəmizin potensialı böyükdür. Neftin qiyməti düşməsi müəyyən müddət üçün iqtisadiyyatımıza mənfi təsir etdi. Lakin bu, qısa müddət oldu. Dərhal başlanılan əsaslı islahatlar bizə daha böyük çətinliklərin qarşısını almağa kömək etdi. Ona görə də Azərbaycan neft hasil edən ölkələr arasında neftin qiymətinin aşağı düşməsinə görə ən az ziyan görmüş ölkələrdən oldu. Digər tərəfdən, bu vəziyyət bizə iqtisadiyyatımızın diversifikasiyasını dərinləşdirməyə və enerji sektorundan asılılığı daha da azaltmağa təkan verdi. Bir vaxtlar ümumi daxili məhsulda enerji sektorunun payı 80 faiz təşkil edirdi. Bu gün bu rəqəm cəmi 30 faizdir. Bizim gəlirlərin təxminən yarısı artıq qeyri-neft sektorunun payına düşür.
Diplomat qeyd edib ki, ənənəvi olaraq Azərbaycan həm sənaye, həm də kənd təsərrüfatı ölkəsidir. Enerji sektorunu çıxmaq şərtilə ən vacib sahə kənd təsərrüfatıdır. İqlim şərtləri buna imkan verir. Təbii ki, kənd təsərrüfatına da investisiyalar lazımdır. Bunun üçün çoxlu imkanlarımız var. Enerji sektorundan gələn gəlirlər kənd təsərrüfatına yatırılır. Yəni, kənd təsərrüfatı birinci yerdədir. İnformasiya texnologiyaları və turizm sahələri də inkişaf etdirilir. Neft kimyası enerji sektoru ilə əlaqəli sahə olsa da, bu, kimya sənayesinin bir qolu olaraq iqtisadiyyatımızın diversifikasiyasında rol oynayır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı suala cavabında səfir deyib: "Avropa İttifaqı bizim böyük iqtisadi tərəfdaşımızdır. Bizim Avropa İttifaqının demək olar ki, bütün üzvləri ilə sıx əməkdaşlığımız var. Almaniya üçün, misal olaraq, biz neft ixracatçısı kimi yeddinci yerdəyik. Biz bu iqtisadi münasibətlərin gələcəkdə daha inkişaf etdirilməsi üçün böyük potensial görürük. Biz enerji resurslarımızı Avropa İttifaqına ixrac edirik, buradan isə yeni texnologiyalar, çoxlu sayda maşınqayırma, eləcə də ərzaq məhsulları idxal edirik. Biz gələcəkdə Avropa İttifaqı ilə münasibətləri daha da inkişaf etdirəcəyik".
Diplomat Azərbaycanın daha çox kənd təsərrüfatı məhsulları ixrac etdiyini vurğulayıb. O, bu sahədə müsbət inkişaf nəticəsində kənd təsərrüfatı məhsulları ixracının payının artacağına əminliyini bildirib.
Pərviz Şahbazov Avropa xaricində Azərbaycanın digər mühüm tərəfdaşlar olan Türkiyə və Rusiya, eləcə də İran və Gürcüstanla da əməkdaşlıq etdiyini söyləyib. "Xəzər dənizi vasitəsilə biz Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edirik. Bu ölkələr ilə, xüsusilə İpək Yolu və ya Şimal-Cənub oxunda yerləşən ölkələr ilə münasibətlərin daha da inkişaf etdirilməsi üçün biz nəqliyyat infrastrukturunun inkişafına töhfəmizi vermişik. Nəticələr yaxın zamanda özünü göstərəcək. Bir neçə ildən bəri biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində işləyirik. Bu, İpək Yolunun Asiya və Avropanı birləşdirəcək hissəsidir. Eyni zamanda, bizim Xəzər dənizində daşıma imkanlarımızı tamamlayan donanmamız var. Bakı yaxınlığında müasir liman da tikilib", - deyə səfir diqqətə çatdırıb.
Almaniya ilə ticarət münasibətləri barədə danışan diplomat deyib: "Almaniya ilə bizim həmişə yaxşı iqtisadi münasibətlərimiz olub. Almaniyanın Cənubi Qafqaz regionu ilə bütün ticarət dövriyyəsinin 80 faizi Azərbaycanın payına düşür. Bütün keçmiş sovet məkanında Rusiyadan sonra Almaniyanın ikinci ticarət palatası məhz 2012-ci ildə Bakıda açılıb. Bu, o deməkdir ki, alman tərəfi Azərbaycanda potensial görür. Ticarət palatasının açılması iqtisadi münasibətlərimizin sonrakı inkişafı üçün böyük töhfə olub. Hazırda Azərbaycanda təxminən 170 alman şirkəti fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Angela Merkelin dəvəti ilə Berlinə səfəri çərçivəsində Azərbaycan-Alman İqtisadi Forumu keçirilib. Forumda Prezident İlham Əliyev, eləcə də Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Ziqmar Qabriel iştirak ediblər. Alman şirkətləri Foruma böyük maraq göstərdilər. Forumda 60-dan çox Azərbaycan şirkəti də iştirak edirdi. Forumun davamı olaraq iqtisadi nümayəndə heyətlərinin Azərbaycana çoxlu sayda səfərlərini gözləyirik".
Azərbaycan Prezidentinin Almaniyaya səfərinin münasibətlərin inkişafına necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran səfir bildirib ki, bu cür səfərlər əlaqələrin genişlənməsində böyük rol oynayır. Bu səfərlərdən hər iki tərəfə münasibətlərin intensivləşməsi üçün iqtisadi siyasət nöqteyi-nəzərindən müsbət siqnallar gedir. Müsbət nəticələr mütləq olacaq.
Səfir deyib: "Məqsədimiz ondan ibarətdir ki, neft qiymətindən asılı olmamaq üçün iqtisadiyyatımızın diversifikasiyasını davam etdirək. 2020-ci ilə kimi ümumi daxili məhsulda enerji sektorunun payı 20 faizə endirilməlidir. Biz qeyri-enerji sektoruna böyük diqqət yetiririk. Eyni zamanda, hazırkı aşağı neft qiymətlərinə baxmayaraq böyük enerji layihələrimizi də həyata keçiririk. Həyata keçirilməkdə olan bir böyük miqyaslı layihə Xəzər qazını Cənub-Şərqi Avropaya nəql etməli olan "Cənub Qaz Dəhlizi" layihəsidir".
Həyata keçirilən və keçiriləcək layihələr barədə suala cavabında diplomat bildirib:
"Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin icrasında fəal iştirak edirik, onun çərçivəsində dörd böyük layihəyə investisiya qoyuruq: Xəzər dənizindəki "Şahdəniz-2" yatağında qaz hasilatı, Cənubi Qafqaz, Türkiyə ərazisindən keçən Trans-Anadolu və Trans-Adriatik kəmərlərinin tikintisi. Bu layihələrin hər birində başlıca rol Azərbaycana məxsusdur. Layihələr 2019-cu ildə hazır olacaq və biz gəlirlər əldə edəcəyik. Neftin qiymətinin düşməsinə görə daha intensiv xarakter alan iqtisadi islahatlar da tezliklə öz bəhrəsini verəcək. Biz bəzən asan olmayan bu prosesi başlamışıq və iqtisadiyyatımız artıq cari ildə artıma nail olmalıdır. 2017-ci ildə isə daha böyük artım gözləyirik".