Almaniya ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov bu ölkənin "Eurasia News" xəbər portalına müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın TAP və TANAP layihələrində iştirakı, qonşu dövlətlərlə münasibətləri, eləcə də ölkəmizin Qərb mətbuatında obyektiv təqdim olunması üçün görülən işlərə dair suallara cavab verib.
"Aprelin əvvəlində alovlanan "dondurulmuş" münaqişənin yenidən müharibəyə çevrilməsi təhlükəsi nə dərəcədə böyükdür?" sualına cavabında səfir deyib: "1994-cü ildən Ermənistan ilə atəşkəsin əldə olunmasına baxmayaraq, atəşkəsin pozulması halları daim baş verir. Biz atəşkəs barədə saziş imzalanandan etibarən təəssüflər olsun ki, aprelin əvvəlində çoxlu sayda insan ölümü ilə nəticələnən ən böyük qarşıdurmanın şahidi olduq. 2016-cı il aprelin 5-də Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin iştirakı ilə atəşkəs barədə yenidən razılıq əldə olundu. Amma bu hadisələr açıq şəkildə Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş" münaqişə olmadığını göstərir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı və azərbaycanlı dinc sakinlərin həyatının təhlükə altında olması davam etdikcə münaqişə istənilən zaman yenidən alovlana bilər. Bu münaqişə Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyi üçün ciddi təhlükədir".
Münaqişənin alovlanmasına guya üçüncü dövlətlərin səbəb olması haqda gedən şayiələr barədə verilmiş suala Pərviz Şahbazov belə cavab verib: "Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında olan münaqişədir. Ermənistan 20 ildən artıqdır ki, ərazimizin beşdəbir hissəsini - Dağlıq Qarabağla bərabər yeddi ətraf rayonu beynəlxalq hüququn normalarına zidd olaraq işğal edib və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtmasına imkan vermir. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamə ilə Ermənistandan Azərbaycan torpaqlarının beynəlxalq hüququn normalarına zidd olaraq işğalını dayandırmasını tələb edib. Avropa Şurası və Avropa Parlamenti müvafiq olaraq 2005-ci və 2013-cü illərdə qətnamələri ilə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş əraziləri tərk etməsini tələb edib. Bu tələblərə Ermənistan tərəfindən bu günədək məhəl qoyulmur.
Atəşkəs elan olunandan bəri biz ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri indiyədək iki ölkənin dövlət başçıları səviyyəsində çoxlu sayda görüşlər təşkil ediblər. Ermənistan konstruktiv mövqe tutmadığına və mövcud beynəlxalq hüquqa riayət etmədiyinə görə ATƏT çərçivəsində edilən cəhdlər indiyədək uğur qazana bilməyib.
Son silahlı qarşıdurmaların, eləcə də bundan öncəki eskalasiya hallarının baş verməsinin səbəbini hər hansı şayiələrdə deyil, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan torpağında yerləşməsində axtarmaq lazımdır. Aprelin əvvəllərində Ermənistanın işğalçı qüvvələri cəbhə xəttinin yaxınlığında yerləşən Azərbaycan yaşayış məntəqələrini və Azərbaycanın mövqelərini ağır silahlarla intensiv atəşə tutub. Bunun nəticəsində altı azərbaycanlı dinc sakin, onların arasında 16 yaşlı bir qız həlak olub. İyirmidən çox dinc sakin yaralanıb. Ordumuz bu hücumlara cavab vermək məcburiyyətində qalıb, çünki Azərbaycan vətəndaşlarının öz torpaqlarında dinc və təhlükəsiz həyatını təmin etmək onun borcudur".