Almaniyada Azərbaycan musiqi axşamları keçirilib
Berlinin Britz sarayının (Schloss Brits) mədəniyyət fondunun təşkilatçılığı ilə azərbaycanlı gənc pianoçu Nərmin Nəcəflinin solo konserti keçirilib.
N.Nəcəfli repertuarına Lüdviq Van Bethoven, Maurice Ravel, Franz Liszt və Robert Schumanın əsərlərini daxil edib. Gənc ifaçımızın konserti tamaşaçıların böyük rəğbəti və alqışlarına səbəb olub.
N.Nəcəfli 2014-cü ildə Bülbül adına orta ixtisas məktəbini bitirib, hazırda fortepiano ixtisası üzrə təhsilini Hannover şəhərində yerləşən Musiqi, Dram və Media Universitetində davam etdirir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülən N.Nəcəfli 2016-cı ildə mədəniyyət sahəsindəki uğurlarına görə gənclər üçün prezident mükafatına layiq görülüb.
Eyni zamanda, Berlində yerləşən Nikodemus Mədəniyyət Kilsəsində (Kulturkirche Nikodemus) Almaniyadakı səfirliyinin də dəstəyi ilə Azərbaycanın caz musiqi ifaçıları Rain Sultanov və Elçin Şirinovun “Tsikl” adlı konserti keçirilib.
Konsert proqramında Rain Sultanov və onu pianinoda müşayiət edən Elçin Şirinov tərəfindən R.Sultanovun Almaniyada buraxılmış yeni “Tsikl” adlı albomunda yer alan musiqiləri səsləndirilib. Müvəffəqiyyətlə baş tutan konsertdəki ifalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Hər iki tədbirdə Almaniyanın ictimai-siyasi dairələrinin və Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.