Almaniyada Ələt Azad İqtisadi Zonasının imkanları təqdim olunub
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov 26-29 sentyabr 2022-ci il tarixində Almaniyaya səfər edib. Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən səfər çərçivəsində Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Asossiasiyasında, Səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində və "MÜSİAD Berlin"də (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) təqdimatlar keçirilib. Həmçinin, Almaniyanın Federal Qidalanma və Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Miqyaslı Müəssisələr Asossiasiyasının, “SAP” və “Siemens Mobility” şirkətlərinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlər keçirilib.
Təqdimat və görüşlərdə Valeh Ələsgərov rəhbərlik etdiyi qurumun qarşısına qoyulan məqsədlər haqqında ətraflı danışıb. Qeyd edib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycana innovativ texnologiyalara əsaslanan, əlavə dəyər yaradan ixrac yönümlü istehsal müəssisələrinin yaradılması üçün münbit şərait təqdim edir. Bu xüsusda alman investorlara unikal qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar, əlverişli logistika və nəqliyyat infrastrukturu, habelə istehsalatın yaradılması üçün bütün zəruri infrastruktur ilə təchiz olunan torpaq sahələri təklif edilir. Təqdim edilən şəraitin yerli və beynəlxalq investorlarda böyük marağa səbəb olduğunu bildirən Valeh Ələsgərov Almaniya şirkətlərini Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafı, onun şaxələndirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər haqqında danışaraq, Ələt Azad İqtisadi Zonasının bu sahədəki önəmini diqqətə çatdırıb. O, sözügedən iqtisadi zonanın alman investorlar üçün unikal investisiya imkanları yaratdığını bildirib.
Təqdimatlarda iştirak edən şirkətlərin, eləcə də “SAP” və “Siemens Mobility” şirkətlərinin nümayəndələri Azərbaycana marağını ifadə edərək, gələcək əməkdaşlıq imkanları barədə öz fikirlərini bölüşüblər.
Tədbirlərdən video-kadrlara bu linkdə baxmaq olar: https://youtu.be/_omflxXNSz0