Almaniyada “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda beynəlxalq konfrans keçirilir
Cari ilin 10 may tarixində Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans öz işinə başlayıb.
Konfrans “Heydər Əliyev və gənclik” foto-sərgisi ilə açılıb. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri - Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təqdimatı ilə Ulu öndərin ömür yolunu əks etdirən xatirə fotoşəkilləri sərgilənib.
Daha sonra Auqsburq Universitetinin Germanistika kafedrasının müdiri, prof. Alfred Vildfoyer, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Auqsburq Universitetinin professoru Klaus Volf giriş nitqləri söyləyiblər.
Çıxışlarda bugün xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd edildiyi vurğulanıb, məhz ulu öndərin sayəsində Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrildiyi diqqətə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdiyi, Prezidentin növbəti sərəncamı ilə 2017-cil ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi, ölkəmizin həm İslam dünyası daxilində, həm də müxtəlif konfessiyalar arasında həmrəylik naminə gördüyü işlər barədə məlumat verilib.
Səfir Ramin Həsənov çıxışında bugünkü tədbirin Ulu öndər Heydər Əliyevin doğulduğu günə təsadüf etməsinin rəmzi xarakter daşıdığını, çünki Azərbaycanda multikulturalizm siyasətinin əsasının məhz onun tərəfindən qoyulduğunu bildirib. Səfir bu siyasətin hal-hazırda da uğurla davam etdirildiyini, Azərbaycanın dünyada multikultural mərkəzlərdən biri kimi tanındığını qeyd edib. Ramin Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanmasına dair Sərəncamını vurğulayaraq, dövlət səviyyəsində bu yubiley tədbirlərinin qeyd edilməsinin ölkəmizin multikulturalizmin təşviqinə növbəti töhfəsi olduğunu bildirib.
Daha sonra “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda panel iclası başlayıb.
Müzakirələrdən sonra Auqsburq şəhərindəki sinaqoq, müqəddəs Anna kilsəsi və Bobinqen müsəlman məscidinin dini icmalarının nümayəndələri ilə görüş keçirilib.