Almaniyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Dillər Universitetinin (ADU), Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın "Azərbaycan və Almaniya multikulturalizmi" mövzusunda növbəti bölmə iclası ADU-nun, Auqsburq Universitetinin və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski azərbaycanlıların tarixən multikultural bir xalq olduğunu və Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamalarını qeyd edib. Tolerantlıq mühitinin hələ XIX əsrin əvvəllərində Azərbaycana alman mühacirlərinin gəlməsinə səbəb olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan multikulturalizminin ictimai-siyasi əsaslarını ümummilli lider Heydər Əliyev sistemləşdirilmiş şəkildə qurmuş və uğurla həyata keçirmişdir. Hazırda multikulturalizm Azərbaycanda dövlət siyasətidir və ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
Auqsburq Universitetinin professoru Klaus Volf Azərbaycan və Almaniya multikulturalizminin oxşar və fərqli xüsusiyyətlərindən bəhs edərək, Azərbaycanda bu sahədə əldə edilmiş nailiyyətlərin təqdirəlayiq olduğunu və başqa ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.
ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev qeyd edib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir. Professor bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur, bu gün multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır. Əfqan Abdullayev qeyd edib ki, Azərbaycanda tarixən multikultural həyat hökm sürür və Azərbaycanda multikulturalizm siyasətinin banisi ulu öndər Heydər Əliyevdir: “Azərbaycan multikulturalizmin daha dərindən öyrənilməsi istiqamətində böyük işlər aparır, bu işlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransdır”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir.
İclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mainz Universitetinin professoru Hendrix Busoten, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakıdakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Sarovski, Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev (Mifodi), Alban Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Protestant İcmasının rəhbəri xanım Vera Nesterova və ADU-nun professoru Aynur Sabitova məruzələrlə çıxış ediblər.