"Business & Diplomacy” jurnalında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun qonağı olduğu “Səfirlə söhbət” tədbiri haqda məqalə dərc olunub
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” (“Botschafter-Gespärch”) silsiləsindən sayca beşinci olan növbəti tədbirinin qonağı olub. Sözügedən jurnalda tədbir haqqında məqalə dərc olunub.
Məqalədə bildirilir ki, “iqtisadi məkan, Avropa və Asiyanın qovşağı və “Odlar diyarı” olan Azərbaycan” “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” silsiləsindən sayca beşinci olan növbəti tədbirinin mövzusu olub və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirin qonağı olub. Qeyd edilir ki, çoxsaylı iştirakçının qatıldığı tədbirdə o cümlədən xarici səfirlər, alman və Azərbaycan jurnalistləri, Almaniyanın böyük şirkətlərinin nümayəndələri iştirak ediblər və tədbirin sual-cavab hissəsində fəallıq göstəriblər.
Məqalədə Azərbaycanın ərazisi, əhalisi, coğrafi yerləşməsi və paytaxtı barədə məlumat verilir. Qeyd edilir ki, YUNESKO-nun mədəni irsi siyahısında yerləşən İçəri Şəhər turistləri qədim Şərqə apardığı halda, bütövlükdə Bakı özünün müasir göydələnləri ilə inkişaf edən dünya metropoliyasıdır.
Məlumat verilir ki, səfir Ramin Həsənov “Səfirlə söhbət” çərçivəsində “Əsrin müqaviləsi”, Azərbaycanın Qərb şirkətləri ilə əməkdaşlığı, eləcə də Qərbə doğru yönəlmiş boru kəmərlərinin reallaşmasından danışıb. Səfir xüsusi önəm daşıyan BTC layihəsini vurğulayıb. Məqalədə bu kəmərlə gündə bir milyon barel neftin nəql edilməsinin mümkün olduğu qeyd edilir.
Xəbər verilir ki, səfir Azərbaycanın növbəti iri layihəsinin Cənub Qaz Dəhlizi olduğunu bildirib və onun haqqında ətraflı məlumat verib. O, bildirib ki, ümumi uzunluğu 3500 km olacaq layihə yeddi ölkəni əhatə edir və bu kəmərlə Azərbaycan qazı Avropa İttifaqına ixrac olunacaq. Məqalədə Cənub Qaz Dəhlizi Azərbaycan və Avropa Komissiyasının birgə təşəbbüsü adlandırılır və bunun Avropanın enerji təhlükəsizliyi və enerji təchizatının diversifikasiyasında əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, səfir layihənin bütün iştirakçılarının onun icrasını vaxtında yerinə yetirməyə çalışdığını bildirib.
Məqalədə göstərilir ki, səfir neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri barədə verilmiş suala cavabında Azərbaycanın öz iqtisadiyyatının diversifikasiyasını daha da gücləndirdiyini, informasiya texnologiyaları, nəqliyyat və logistika sahələrinə üstünlük verdiyini qeyd edib. O, Azərbaycanın Avropa və Asiyanın qovşağındakı mövqeyindən yararlanmağa çalışdığını, BTK dəmiryolu xəttinin çəkilməsi və Bakıda yeni dəniz limanının yaradılmasının bunun nümunəsi olduğunu bildirib.
Xəbər verilir ki, Ramin Həsənov əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olduğu Azərbaycanın dünyəvi ölkə olduğunu, digər dinlərə və məzhəblərə tolerantlıqla yanaşıldığını qeyd edib.
Məlumat verilir ki, səfir Azərbaycanın terrora qarşı beynəlxalq mübarizədə etibarlı tərəfdaş olduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin isə yalnız beynəlxalq hüququn əsasında həll oluna biləcəyini vurğulayıb.
Məqalədə səfirin Azərbaycan-Almaniya münasibətləri haqda fikirləri yer alır. O, vurğulayıb ki, iki ölkə arasında münasibətlər 200 illik birgə tarixə söykənir və hazırda çox yüksək səviyyədədir. Ramin Həsənov Azərbaycanın Almaniyanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşı və onu neftlə təchiz edən ölkələr sırasında altıncı yerdə olduğunu qeyd edib. O, həmçinin alman dilinin Azərbaycanda populyar xarici dil olduğunu da bildirib.