Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Sammitində təmsil olunub
31 may - 2 iyun 2017-ci il tarixlərində Almaniyanın Leyptsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Sammiti keçirilib. Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov sözügedən tədbirdə iştirak edib.
57 üzv ölkənin müvafiq sahəvi qurumlarının rəhbərliklərinin iştirak etdiyi toplantı zamanı davamlı mobillik, nəqliyyat meqa-layihələrinin və qlobal rəqəmsal iqtisadiyyatda nəqliyyatın idarə olunması, 2050-ci il üçün nəqliyyat ssenariləri, nəqliyyatın dekarbonizasiyası, qlobal nəqliyyat bağlantısı, nəqliyyat infrastrukturuna sərmayələr, BMT-nin davamlı inkişaf məqsədləri, nəqliyyatın planlaşdırılmasında dövlətin və maraqlı tərəflərin iştirakı, nəqliyyatda yeni biznes modelləri, yol təhlükəsizliyi üçün institusional idarəçiliyin və maliyyələşdirmənin gücləndirilməsi, nəqliyyat təhlükəsizliyi və digər məsələlər müzakirə olunub.