Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub
Cari ilin 21-25 noyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub. Səfərin əsas məqsədi miqrasiya sahəsində iki ölkə arasında əməkdaşlıq ətrafında fikir mübadiləsinin aparılması, Almaniyanın bu sahədəki təcrübəsinin öyrənilməsi, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin iki ölkəyə münasibətdə icra olunmasının vəziyyəti və iki tərəf üçün maraq kəsb edən digər məsələlərin müzakirə edilməsi olub. Səfər zamanı, nümayəndə heyəti Almaniyanın Daxili və Xarici İşlər nazirliklərində yüksək vəzifəli rəsmilər, o cümlədən Daxili İşlər Nazirliyinin Dövlət katibi xanım Emili Haber və Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə Səfiri Andreas Peşke ilə görüşlər keçirib. Proqram çərçivəsində nümayəndə heyətinin üzvləri Almaniyada ən çox miqrantların məskunlaşdığı bölgənin mərkəzi olan Bilefeld şəhərindəki miqrantların saxlanılma mərkəzinin, Berlin şəhərində yerləşən Readmissiya Siyasətinə Dəstək Mərkəzinin və Beynəlxalq Miqrasiya Təşkilatının idarə etdiyi Qayıdış üçün Konsultasiya Mərkəzinin fəaliyyətləri ilə yaxından tanış olublar.
Yuxarıda qeyd edilən görüşlərdə nümayəndə heyətini Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin əməkdaşları müşayiət ediblər.