Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə keçirilmişdir
11 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti seçkiləri günü ilə əlaqədar ölkəmizin Almaniya Federativ Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə keçirilmişdir. Səsvermə prosesinə yerli vaxtla saat 8:00-da başlanılmışdır.
Seçki siyahısına daxil edilmiş Azərbaycan Respublikası vətəndaşlarının yaşadıqları ünvanlara Səfirlik tərəfindən poçt vasitəsilə bildiriş vərəqələri göndərilmiş və onlar seçkilər günü Səfirliyə gələrək öz şəxsiyyət vəsiqələri və ya pasportları əsasında seçkilərdə iştirak etməyə dəvət olunmuşlar.
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində konsulluq qeydiyyatında olan, müvəqqəti və daimi yaşayan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi üçün hər cür şərait yaradılmışdır.
Diplomatik nümayəndəlik zəruri avadanlıqla təchiz olunmuşdur.
Səsvermə prosesi başladığı andan etibarən, seçicilərin aktiv şəkildə iştirakı müşahidə olunmuşdur.
Səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatmışdır.