Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində iştirak edib
Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.
Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Konfransdan əvvəl birgə foto çəkdirildi.
Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa MONSERRAT çıxış edərək dedi:
- Sabahınız xeyir Prezident İlham Əliyev.
Xarici işlər nazirləri, nazirlər, nümayəndələr, səfirlər, Zati-aliləri.
Biz Azərbaycan Respublikasına, Azərbaycan Prezidentinə və Azərbaycan Respublikası hökumətinə Qoşulmama Hərəkatının XVIII nazirlər konfransında yüksək qonaqpərvərliyə görə minnətdarlığımızı ifadə etmək istərdik. Ötən dövrdə əldə olunmuş nailiyyətləri, milli və beynəlxalq vəziyyəti, o cümlədən Qoşulmama Hərəkatının rolunu qiymətləndirmək bu gün bizim üçün vacibdir. Bundan əlavə, Azərbaycanın bu tədbirə ev sahibliyini və 2019-cu ildə sədr ölkə olacağını nəzərə alaraq, mən Venesuela Bolivar Respublikası Prezidentinin salamlarını çatdırmaq istəyirəm. Prezident Nikolas Maduro hər zaman Qoşulmama Hərəkatına dəstək verib, Azərbaycana da sədrlik fəaliyyətində uğurlar arzulayır və onun Prezident İlham Əliyevə xüsusi salamları var. İndi isə çıxışıma başlamaq istəyirəm.
Zati-aliləri, Prezident Əliyev, nazirlər, nümayəndə heyətlərinin rəhbərləri, bacılar və qardaşlar.
2016-cı ilin sentyabrında keçirilən tarixi Sammitdə Qoşulmama Hərəkatının sədrliyini qəbul edərkən biz birlik və müxtəliflik əsasında üzvlüyü təmin etmək, həmçinin üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, bu mühüm hərəkatın canlandırılması prosesində irəliləyişə nail olmaq üçün üç əsas hədəfi müəyyənləşdirdik. İl yarımdan sonra bu gün biz qarışıqlıq, qeyri-müəyyənlik və başqa ölkələrin suverenliyi üçün problemlər yaratmaq istəyən bəzi ölkələrin yürütdüyü siyasət nəticəsində daha da ciddiləşən bir çox çağırışlarla üzləşirik. Bu, sülh və beynəlxalq həmrəyliyə ziddir. Bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzədir. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli olur. Halbuki reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik ruhu hökm sürməlidir. Bu proses razılaşdırılmış addımlar üçün səmərəli siyasi platforma olan Qoşulmama Hərəkatının strukturunun gücləndirilməsi istiqamətində irəliləməlidir ki, qərarlar beynəlxalq səviyyədə müsbət təsir, sözün əsl mənasında, həqiqi təsir göstərə bilsin. Bizim bərabərlik, ölkələrin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü prinsiplərini, bütün mədəniyyətlər, dinlər və sivilizasiyalara hörmət, insan haqları və fundamental azadlıqlar, o cümlədən sülh hüququ və inkişaf hüququna hörməti bir daha təsdiqləməyimiz bu gün hər zaman olduğundan daha vacibdir. Bizim üçün əsas məsələ davamlı inkişafa nail olmaqdan ötrü sülh və beynəlxalq təhlükəsizliyin təbliğidir. Bu, bizim apardığımız müzakirələrdə olduqca böyük əhəmiyyət kəsb edir. Biz birlikdə BMT-nin Nizamnaməsinin əsas prinsiplərini rəhbər tutaraq beynəlxalq sülh və təhlükəsizliyi, o cümlədən insan haqlarının inkişafını gücləndirmək arzusundayıq. Ona görə də Qoşulmama Hərəkatı sülh və inkişafın olduğu, daha ədalətli, daha bərabər beynəlxalq nizamı qura biləcəyimiz bir dünyanın yaradılmasında çox mühüm rol oynamalıdır. Bu mənada iki il bundan əvvəl dövlət və hökumət başçılarının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədləri bizə həqiqətən inklüziv olan, dəyişə bilən yanaşmanın olduğu və heç kimin arxada qalmadığı fərqli bir inkişaf modelini təmin etmək üçün əsas verir.
Nazir Xorxe Arreasa Monserrat çıxışında nüvə silahlarının yayılmamasına dair qəbul olunan sazişin əhəmiyyətini vurğuladı, bununla bağlı çağırışların bəşəriyyətin qorunması istiqamətində atılmış konkret addım olduğunu dedi və nüvə silahına malik ölkələri sülh və beynəlxalq təhlükəsizliyi gücləndirməyə çağırdı. O, bütün üzv ölkələrin sülh yolunda və Qoşulmama Hərəkatının tam canlandırılması istiqamətində birlikdə addımlamalı olduğunu deyərək, Hərəkatın dünyada gedən mənfi təzahürlərin qarşısının alınmasında böyük rol oynadığını bildirdi və konfransın işinə uğurlar arzuladı.
Sonra Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən ötən müddətdə dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
-Təşəkkür edirəm cənab sədr.
Xanımlar və cənablar, hörmətli qonaqlar.
Mən Qoşulmama Hərəkatının nazirlər konfransının iştirakçılarını salamlayıram və bu mühüm tədbirə ev sahibliyi etməyimizə icazə verdiyinə görə təşkilata təşəkkürümü bildirmək istəyirəm.
Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir.
Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz bu ailəyə 2011-ci ildə qəbul olunduq, dərhal təşkilatın və onun üzvlərinin dəstəyini hiss etməyə başladıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı nümayiş olundu. Bu 2011-ci ildə, ölkəmizin təşkilata qəbul olunduğu eyni ildə baş verdi və biz tərəfdaşlarımızın güclü dəstəyini hiss etdik. Bu, o qədər də asan məsələ deyildi, çünki bizim güclü rəqiblərimiz var idi və həmin rəqiblər təşkilatımıza üzv olmayan ölkələr idi. Seçilməyimiz üçün 16 raund tələb olundu və biz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı.
Bu, bir daha bizim gücümüzü nümayiş etdirir. Onu nümayiş etdirir ki, birlikdə olanda nailiyyətlərimiz çox ola bilər. Bu, üzv dövlətlər arasında həmrəyliyin təzahürüdür. Bu, eyni zamanda, təşkilatımızın imkanlarının göstəricisidir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan iki il ərzində orada təşkilatımızın bütün üzvlərini təmsil etdi. Bəyan etdik ki, biz uzun illərdir bir çox hallarda pozulan ədalət və beynəlxalq hüququ müdafiə edəcəyik.
Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib. İyirmi beş ildən artıqdır ki, ölkəmizin ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən bizim xalqa qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Həmin soyqırımı dünyanın 10 dövləti tərəfindən tanınıb. Ümidvaram ki, üzv dövlətlər də bu məsələni müzakirə edəcək və insanlığa qarşı olan həmin cinayətlə bağlı mövqelərini bildirəcəklər. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə işgəncəyə məruz qalıb və qətlə yetirilib. Minlərlə insan yaralanıb və ya itkin düşüb. Bu, insanlığa qarşı olan bir cinayətdir.
Təəssüf ki, işğal bu günə qədər davam edir. Fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatının üzv dövlətlərinə, bu ailəyə təşəkkürümü bildirirəm ki, təşkilatımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edilib. Biz bu dəstəyə görə çox minnətdarıq. Digər təşkilatlar da oxşar qətnamələr qəbul ediblər.
BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib, çünki icra mexanizmi mövcud deyil. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər aparıcı təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər, lakin onlar icra olunmayıb.
Təəssüflər olsun ki, beynəlxalq hüququn kobud şəkildə pozulması və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına baxmayaraq, bu ölkə sanksiyalara məruz qalmayıb. Münaqişənin əvvəlində Ermənistana qarşı sanksiyalar tətbiq edilsə idi, düşünürəm ki, münaqişə çoxdan öz həllini tapmış olardı. Yəni, biz münaqişənin beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə əsasən həllinin tərəfdarıyıq.
İşğal olunmuş ərazilər tamamilə viran edilib. ATƏT faktların toplanması məqsədilə oraya iki dəfə araşdırıcı missiya göndərib və onların hesabatlarına əsasən, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız və muzeylərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, bizim mədəniyyətimizə qarşı olan cinayətdir. Azərbaycan ərazisinin işğalına son qoyulmalıdır və yalnız ondan sonra regionda sülh bərqərar oluna bilər.
Ermənistan ölkədə ksenofobiya bəsləyir, bu, bir monoetnik dövlətdir. Orada heç bir başqa millət yaşamır və Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bu ölkədə yaşayan azərbaycanlılar və digər millətlərin nümayəndələri orada etnik təmizləməyə məruz qalıblar.
Ermənistandan fərqli olaraq, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqun dünya səviyyəsində tanınmış mərkəzlərindəndir. Biz multikulturalizm mərkəzlərindən biriyik. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilib. Biz multikultural dəyərləri, dinlərarası sülh və əməkdaşlığı təbliğ edən çoxsaylı beynəlxalq tədbirlər təşkil etmişik. BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dini Liderlərinin Forumu, Bakıda mütəmadi qaydada təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumu və təşkil etdiyimiz digər beynəlxalq tədbirlər multikulturalizmə öz töhfəsini verir.
Biz 10 il əvvəl “Bakı Prosesi”nin təşəbbüskarı olduq. Bizim təşəbbüsümüzə əsasən, İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin dövlət rəsmiləri Bakıya dəvət edildi. Azərbaycan hər iki təşkilata üzv olan nadir dövlətlərdəndir. Bu iki təşkilatın toplam olaraq yüzdən artıq üzvü var və bizim məqsədimiz onları bir araya gətirərək mədəniyyətlərarası dialoq, etnik və dini zəmində gərginliyin azalması, dünyada ksenofobiya hallarının ciddi şəkildə müzakirə olunması, habelə qarşılıqlı anlaşma üçün platformanın yaradılması idi.
Bizim təşəbbüsümüz bundan ibarət idi və o, BMT tərəfindən dəstəkləndi. Artıq “Bakı Prosesi” özünün onilliyini qeyd edir. Bu, misilsiz beynəlxalq platformadır ki, müsəlman dünyasını və Avropa dövlətlərini birləşdirir, bütün ölkələr üçün açıqdır və məqsəd müxtəlif dövlətlər, müxtəlif dinlər və etnik qrupların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaqdır.
Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlər boyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur. Onun alternativi ayrı-seçkilik, ksenofobiya və islamofobiyadır. Hesab edirəm ki, bu məsələlər müzakirə edilməlidir və Azərbaycan bu dəyərlərin təşviqində öz vacib rolunu oynamaqda davam edəcəkdir.
Dövlətimiz nisbətən gəncdir. Biz 26 ildir ki, müstəqilik. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa etmişik.
Bu il biz müsəlman aləmində ilk demokratik respublika olan, Azərbaycan xalqının azadlıq və demokratiya arzusunun təzahürü olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Deyə bilərəm ki, 100 il əvvəl respublikada fərman qəbul olunaraq, qadınlara səs vermək hüququ verildi. Bu, 100 il əvvəl azadlıq səviyyəsini nümayiş etdirən mühüm addım oldu. Hazırda biz demokratiya, insan hüquqları dəyərlərinə, azadlıqlara sadiqik. Lakin müstəqil ölkə kimi, biz cəmi 26 ildir ki, mövcuduq. Bu illər də, xüsusən ilk vaxtlarda asan olmamışdır. Ölkəmizdə çətin problemlər, Ermənistanın işğalı, daxili çətinliklər, siyasi böhran, vətəndaş müharibəsi, iqtisadi tənəzzül müşahidə olunurdu. Bununla belə, bütün çətinliklərdən çıxa bildik və hazırda çox sürətli iqtisadi inkişafı nümayiş etdiririk. İqtisadi inkişaf müstəqilliyimizin əsasını təşkil edir. Aydın şəkildə anlayırıq ki, biz iqtisadi baxımdan güclü olmalıyıq, digər ölkələrdən və ya maliyyə mərkəzlərindən asılı olmalı deyilik. Yalnız bu halda biz müstəqil siyasət yürüdə bilərik və Azərbaycan bundan fərəhlənir. Buna görə, biz diqqətimizi iqtisadi gündəliyimizə yönəltmişik və güclü iqtisadiyyat yaratmışıq. Bu gün Azərbaycan özünü təmin edən ölkədir. Biz bir çox ölkələrə yardım göstəririk. Məlumat vermək istərdim ki, biz üzv dövlətlərdən olan tələbələrə universitetlərimizdə təhsil almaları üçün təqaüdlər ayırmaq qərarını qəbul etmişik.
Son 15 il ərzində iqtisadi inkişafımız çox sürətli olmuşdur. Ümumi daxili məhsul 3,2 dəfə artmışdır. Fikrimcə, bu, dünya rekordudur. Eyni zamanda, biz insan kapitalına böyük sərmayələr yatırmışıq. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son 15 il ərzində biz 3100-dən artıq məktəb və 600-dən çox xəstəxana tikmişik, yaxud təmir etmişik. Əhalimizin demək olar ki, yarısı, yəni beş milyon vətəndaş hər il xəstəxanalarımızda ödənişsiz tibbi müayinədən keçir. Ömür uzunluğu artır. Buna görə xalqımızın sosial müdafiəsi siyasətimizin əsas istiqamətlərindən biridir. Mən dəfələrlə bəyan etmişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların rifahı, sağlamlığı, təhlükəsizliyi dayanır. Biz insanlarımıza daha yaxşı şəraitlərin təmin edilməsi üçün əlimizdən gələni edirik. Bunun üçün biz güclü, şaxələndirilmiş iqtisadiyyata malik olmalıyıq.
Son 15 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri yoxsulluğun və işsizliyin kəskin azalması olub. Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə düşmüş, işsizlik 5 faiz səviyyəsindədir. Biz, həmçinin nəzərə almalıyıq ki, son 15 il ərzində Azərbaycan əhalisi 1,5 milyon nəfər artmışdır. Buna görə, yeni iş yerlərinin açılması bizim üçün daimi prosesdir. Əlbəttə, bunun üçün bizə maliyyə ehtiyatları, münbit sərmayə mühiti lazımdır. Son 15 il ərzində biz ölkəmizə 230 milyard dollardan artıq vəsaiti birbaşa sərmayə kimi cəlb edə bilmişik. İqtisadi nəticələrimiz dünyanın aparıcı maliyyə, o cümlədən iqtisadi təsisatlarının hesabatlarında yer alır. Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyəti baxımından Azərbaycanı 35-ci yerdə qərarlaşdırıb. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişaf edən ölkələr sırasında üçüncü yerdədir.
Bir sözlə, Azərbaycan xalqının əldə etdiyi bütün nailiyyətlər bizim siyasətimiz sayəsində olmuşdur. Biz bunları hər hansı digər dəstək olmadan əldə etmişik. Diqqətimizi milli maraqlara aid olan, strateji əhəmiyyət daşıyan məsələlərə yönəldirik. Ötən 26 il ərzində göstərdik ki, inkişafa sadiqsinizsə, həqiqətən müstəqilsinizsə və insanların taleyi öz əllərindədirsə, bu halda, siz böyük nəticələr əldə edə bilərsiniz.
Azərbaycan humanitar nöqteyi-nəzərdən, həmçinin marşrutların yaradılması baxımından regional inkişafda mühüm rol oynayır. Ölkəmiz qitələrin birləşdirilməsində, qarşılıqlı surətdə faydalı əməkdaşlıq platformasının qurulmasında mühüm rola malikdir. Bildirmək istərdim ki, qitələr arasında dəmir yolu bağlantısının qurulmasında səylər göstəririk. Bu gün Şərq-Qərb dəmir yolu dəhlizi ölkəmizin və qonşularımızın səyləri sayəsində artıq istismar olunur. Biz bu layihələri qonşularımızla birgə həyata keçiririk, çünki marşrutları yaratdıqda, ilk öncə, sizin qonşularla, sonra isə region ölkələri ilə yaxşı münasibətləriniz olmalıdır. Buna görə Şərq-Qərb daşımalar dəhlizi artıq reallıqdır. Ötən ilin oktyabr ayında Bakıda bu dəhlizin açılışı oldu. Bu dəhliz vasitəsilə Asiyadan Avropaya və geriyə malların daşınmasına sərf olunan vaxt baxımından, ən azı iki həftəyə qənaət olunur. Bununla belə, bu, bizim göstərdiyimiz səylərin yalnız bir hissəsidir. Digər mühüm layihə Cənub-Şimal dəhlizidir. Region ölkələrinin səyləri sayəsində, həmçinin bu dəhliz də reallığa çevrilir. Azərbaycan bu dəhlizlərin yaradılmasına böyük sərmayələr yatırır və Şərq-Qərb, eləcə də Cənub-Şimal dəhlizlərinin fəal iştirakçısıdır. Beləliklə, biz açıq dənizə çıxışı, eləcə də beynəlxalq bazarlarla birbaşa əlaqəsi olmayan Azərbaycan kimi ölkəni Avrasiyanın daşımalar qovşağına çevirə bildik. Hazırda, biz digər layihə - Cənub-Qərb dəhlizi üzərində çalışırıq. Bunun sayəsində, Asiya ölkələri öz mallarını Cənubi və Mərkəzi Avropaya çatdıra biləcəklər.
Azərbaycan bir çox mühüm beynəlxalq tədbirləri təşkil edib. Onların sırasında, siyasi və iqtisadi forumları, müxtəlif konfransları qeyd etmək olar. Lakin mən iki tədbiri xüsusi qeyd etmək istərdim. Çünki bəhs etdiyim region üçün onların mədəniyyətlərarası dialoq, müxtəlif millətlərin, ölkələrin və dinlərin nümayəndələri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma baxımından çox böyük mənası var. 2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirdi. 2017-ci ildə isə biz IV İslam Həmrəyliyi Oyunlarını təşkil etdik. Beləliklə, iki il ərzində eyni şəhərdə biz Avropa dövlətlərinin, eləcə də İslam ölkələrinin oyunlarını keçirdik. Bu da dünyanın bütün xalqları arasında mədəniyyətlərarası dialoqa, qarşılıqlı anlaşmaya verilən töhfə idi.
Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzvüdür ki, “Ekspo 2025”ə öz namizədliyini irəli sürüb. Bu addımın özü göstərir ki, fikrimizcə, biz bu cür mühüm qlobal tədbiri keçirməyə qadirik. Müstəqilliyini cəmi 26 il öncə bərpa etmiş ölkə üçün, hesab edirəm ki, həmin tədbir qazandığımız nailiyyətləri və həqiqi olaraq, müstəqil olduğunuz təqdirdə əldə edilə biləcək nəticələri nümayiş etdirmək fürsəti olardı. Əgər siz heç bir tərəfdən asılı deyilsinizsə, siz bir çox nəticələri əldə edə bilərsiniz. Buna görə mən namizədliyimizə gəldikdə, üzv dövlətlərin dəstəyinə ümid edirəm və bu, həmrəylimizin növbəti təzahürü olacaqdır. Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də, müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik.
Mən bütün qonaqlarımıza bizimlə olduqlarına görə təşəkkürümü bildirmək istəyirəm və konfransın işinə uğurlar arzulayıram. Sağ olun.
X X X
Nazirlər konfransı işini çıxışlarla davam etdirdi.