Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Almaniya Prezidenti Yoaxim Qauka etimadnaməsini təqdim edib
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 11 oktyabr 2016-cı ildə AFR Prezidenti Yoaxim Qauka etimadnaməsini təqdim etmək üçün Prezident sarayında bununla əlaqədar təşkil edilmiş mərasimdə iştirak edib.
Xüsusi mərasim çərçivəsində səfir Ramin Həsənov etimadnaməsini Almaniyanın dövlət başçısına təqdim etdikdən sonra Federal Prezident tərəfindən səfirlərlə görüş üçün ayrılmış xüsusi otağa dəvət olunub.
Federal Prezident rəsmi görüş zamanı səfiri salamlayaraq, onu Almaniyaya səfir təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Ramin Həsənov qəbula görə Federal Prezident Yoaxim Qauka təşəkkürünü bildirib. O, ilk olaraq, Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarını, Almaniya Federativ Respublikasına və onun xalqına rifah, tərəqqi arzularını dövlət rəhbərinə çatdırıb.
Federal Prezident Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib və Azərbaycanın dövlət başçısına öz salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Federal Prezident Azərbaycanla münasibətlərin mövcud durumundan razılığını ifadə edərək Almaniyanın regionda sabit tərəfdaşlara ehtiyacı olduğunu bildirib.
Səfir Azərbaycan və Almaniya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdiyini, ən yüksək səviyyədə siyasi dialoqun mövcudluğunu məmnuniyyətlə diqqətə çatdırararaq son il ərzində baş tutmuş qarşılıqlı səfərləri qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib, Ermənistanın ərazilərimizi işğal etməsindən və işğal nəticəsində yaranmış qaçqınlar, eləcə də məcburi köçkünlər problemindən bəhs edib. ATƏT-in sədri qismində Almaniyanın fəaliyyətinə toxunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.
Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan Respublikası-Avropa İttifaqı əməkdaşlığı, vətəndaş cəmiyyəti, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı məsələlər müzakirə olunub.