Azərbaycanın Almaniyadakı səfiri TV Berlin kanalına müsahibə verib
Almaniyanın nüfuzlu TV Berlin kanalı Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevdən müsahibə götürüb. Müsahibə sözügedən telekanalın “Diplo International" proqramında yayımlanıb. Proqramın aparıcısı tanınmış jurnalist Evald Köniqdir.
N.Ağayev Azərbaycanın yerləşdiyi region, qonşuları, tarixi İpək Yolunun üzərində mövqe alması barədə ətraflı məlumat verib. Bildirib ki, sivilizasiyaların kəsişmə noqtəsində yerləşməsi Azərbaycanın demoqrafik vəziyyətinə, ölkədə tarixən multikulturalizm mühitinin formalaşmasına öz təsirini göstərib. Qeyd edib ki, Azərbaycanda müxtəlif dinə və etnik mənsubiyyətə mənsub insanlar, o cümlədən xristian və yəhudilər dinc və mehriban şəraitdə yaşayır, habelə öz dini ibadətlərini sərbəst şəkildə icra edə bilir.
Azərbaycanın müstəqilliyin ilk illərində ciddi sosial-iqtisadi problemlərlə üzləşdiyini və Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını ifadə edən səfir, bu çətinliklərə baxmayaraq ölkənin son 30 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolu keçərək, Güney Qafqazın ən güclü dövlətinə çevrildiyini söyləyib. Çətin regionda yerləşməsinə baxmayaraq Azərbaycanın öz qonşuları ilə məhsuldar münasibətlər yarada bildiyini vurğulayan səfir N.Ağayev diplomatiyamızın əsas hədəfinin müstəqilliyin daha da güclənməsi, bütün dövlətlərlə ərazi bütovlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında münasibətlərin qurulmasından ibarət olduğunu bildirib.
N. Ağayev Ermənistanın hərbi təcavüzü və işğal etdiyi ərazilərdə törətdiyi dəhşətli dağıntı və apardığı etnik təmizləmə siyasəti, ərazilərin minalanması, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar prosesi, habelə Azərbaycanın Avropanın enerji təhükəsizliyinin təmin edilməsindəki rolu və s. barədə kanal izləyicilərini ətraflı şəkildə məlumatlandırıb.
Müsahibəyə aşağıdakı link vasitəsilə baxmaq mümkündür: https://youtu.be/N9R0tSJP4pM