Azərbaycanın Almaniyadakı Səfirliyində Sankt Mixael Oğlanlar Xorunun kollektivi üçün təqdimat keçirilib
27 fevral 2017-ci ildə Sankt Mixael Oğlanlar Xorunun otuz altı nəfərdən ibarət heyəti Səfirlikdə qəbul edilib və onlara Azərbaycan haqqında təqdimat keçirilib.
9-29 yaş arasında olan gənclərdən ibarət olan Sankt Mixael Oğlanlar Xoru Ştutqart şəhəri yaxınlığında yerləşən Qmünd əyalətindəki yerli katolik kilsəsinin xor kollektividir.
Əvvəlcə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbir iştirakçılarını salamlayıb, onlara Azərbaycana və Səfirliyin işinə göstərdikləri marağa görə təşəkkür edib.
Səfirliyin üçüncü katibi Vüqar Qafarov tədbirdə Azərbaycan haqda təqdimat edib. O, tədbir iştirakçılarına ölkəmizin coğrafiyası, siyasi sistemi, tarixi, beynəlxalq münasibətləri, Almaniya ilə əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, ölkəmizdə alman irsinin qorunması üçün görülən işləri, alman məskənlərinin iki yüz illiyi münasibətilə Azərbaycan Prezidentinin imzaladığı sərəncamı, Azərbaycanda mövcud olan multikulturalizm və dini tolerantlıq mühitini, Roma Papasının ölkəmizə səfərini vurğulayıb.
Daha sonra tədbirin sual-cavab hissəsi baş tutub. Tədbir iştirakçılarının ölkəmizin daxili və xarici siyasəti, Azərbaycan-Almaniya əlaqələrinə dair çoxsaylı sualları cavablandırılıb.