Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyada səfərdə olub
Cari ilin 9 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Berlinə işçi səfəri çərçivəsində Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke və Almaniya Federal Kansler Administrasiyasında Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Knut Abrahamla görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, ölkəmizin yerləşdiyi regionda yeri və rolu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həllinə Almaniyanın verə biləcəyi töhfə, Xəzər bölgəsi və regional məsələlər, eləcə də qarşılıqlı maraq kəsb edən digər beynəlxalq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb. İki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfərlərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb. Belə yüksək səviyyəli səfərlərin qarşılıqlı surətdə həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi razılışdırılıb.
Xələf Xələfov Azərbaycanın Almaniya şirkətləri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu və ölkəmizin Almaniyanın cari ildə ATƏT sədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynayacağına ümid etdiyini bildirib. Nazir müavini ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında oynadığı fəal rolu və ölkə iqtisadiyyatının modernləşdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli islahatları vurğulayıb. Almaniya hökumətinin nümayəndələri Azərbaycanın Almaniyanın regionda mühüm siyasi və iqtisadi tərəfdaşı olduğunu qeyd ediblər, ölkəmizin Asiya və Avropa arasında nəqliyyat-kommunikasiya qovşaqlarının əlaqələndirilməsi və inkişafında göstərdiyi səyləri yüksək qiymətləndiriblər.