Berlin şəhərində Almaniya-Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin və üzvlərinin illik toplantıları keçirilib.
5 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində Almaniya-Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin və üzvlərinin illik toplantıları keçirilib.
DAF-ın İdarə Heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şleyer idarə heyətinin iclasını açıq elan edərək gündəliyi təqdim edib.
Azərbaycan Respublikasının Almaniyadakı Səfiri Ramin Həsənov açılış nitqi söyləyərək, ölkəmizdəki siyasi-iqtisadi vəziyyət, həyata keçirilən islahatlar və regiondakı son inkişaflar barədə məlumat verib. O, Almaniya-Azərbaycan münasibətlərinin hazırkı durumundan və gələcək perspektivlərindən, o cümlədən iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlıqdan bəhs edib, Almaniya və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, ölkəmizin həyata keçirdiyi trans-regional təşəbbüslərdən və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakından, Azərbaycanda alman sərmayədarları və turistləri üçün mövcud olan biznes və turizm imkanlarından danışıb. Bu xüsusda, o, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin dərinləşməsinə DAF-ın verdiyi töhfəni vurğulayıb.
Şleyer çıxış edərək Səfirliyin təşkilatçılığı və rəhbərlik etdiyi təsisatın iştirakı ilə son bir ildə həyata keçirilmiş tədbirləri - “Trans-Xəzər Şərq-Qərb ticarət və tranzit dəhlizinin imkanları” mövzusunda Azərbaycanın nəqliyyat, tranzit və logistika potensialına həsr olunmuş biznes forumu, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Bundestaqa məxsus Almaniya Parlament Cəmiyyətində “Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda keçirilmiş altıncı simpoziumu, Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə elmi simpoziumu, etnocaz və caz konsertlərini, eləcə də gələcək planları - DAF-ın İdarə Heyətinin 2019-cu ilin 1-ci yarısında Azərbaycana səfər etmək niyyətini, Səfirliklə əməkdaşlıq çərçivəsində elmi və mədəni tədbirlərin keçirilməsini, Forumun fəaliyyət dairəsinin daha da genişləndirilməsini xüsusilə qeyd edib. O, həmçinin, cari ildə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayıb. Bildirib ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq Azərbaycanda iqtisadi inkişaf davam edir, Azərbaycan Almaniya üçün mühüm ticarət tərəfdaşıdır və ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün yaxşı potensial vardır.
DAF-ın İdarə Heyətinin və üzvlərinin keçən ilki toplantılarının protokolları yekdilliklə qəbul olunub.
DAF-ın idarəedici direktoru P. Yazdani Forumun maliyyə hesabatını təqdim edib.
Toplantı zamanı Səfir Ramin Həsənov iştirakçıların müxtəlif aktual məsələlərə dair suallarını cavablandırıb, cari ildə Almaniyada keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
İllik toplantılar çərçivəsində DAF-ın “kuratorium”una yeni üzvlərin namizədliyi səsverməyə çıxarılıb və təsdiqlənib.
Toplantının sonunda Səfir Ramin Həsənov DAF-a gələcək fəaliyyətində uğurlar arzulayıb, Səfirliyin Forumla bundan sonra da sıx əməkdaşlıq edəcəyini bildirib.
Forumun iclası ziyafətlə davam edib.