Berlində elmi dairələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər
Cari ilin 9 iyun tarixində Berlində Avropa Məlumat Mərkəzində Alman Cəmiyyəti, Berlin Humboldt Universitetində "Azərbaycan tarixi" kafedrası və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilati dəstəyi ilə "Dağlıq Qarabağ münaqişəsinin həllinin tarixi, siyasi, beynəlxalq hüquq və kənar aspektləri" mövzusunda müzakirə axşamı keçirilib.
Tədbir iştirakçılarnı salamlayan Alman Cəmiyyətinin direktoru Andreas Appelt rəhbərlik etdiyi təşkilatın tədbirlər zalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin elmi dairələr arasında müzakirəsini əhəmiyyətli hadisə adlandırdı və bu kimi müzakirələrin münaqişənin həllinə yardım etmək məqsədi daşıdığını vurğuladı.
Tədbirdə münaqişəyə dair geniş məruzə ilə çıxış edən alman politoloq və konfliktoloq Hayko Lanqner Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun beynəlxalq hüquqa zidd olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, həmin ərazilərdə etnik təmizləmənin aparıldığını vurğuladı. Hayko Lanqner Azərbaycanın ərazi bütövlüyünün Almaniya və dünya birliyi tərəfindən tanındığını, eləcə də beynəlxalq təşkilatların qətnamələrində dəstəkləndiyini bildirdi. Münaqişənin həlli modelləri barədə danışan natiq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasının sülh prosesinə təkan verə biləcəyini qeyd etdi. Onun sözlərinə görə, münaqişənin tam həllinə deyil, təkcə atəşkəsin qorunmasına xidmət edən tədbirlər işğal reallığının möhkəmlənməsinə töhfə vermiş olardı.
Sonra Almaniyanın elm xadimlərinin iştirakı ilə podium müzakirəsi keçirildi və tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.
Boxum Rur Universitetinin beynəlxalq hüquq fənni üzrə professoru Hans-Yoaxim Hayntse Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn kobud şəkildə pozulduğunu, amma beynəlxalq birliyin yaranmış ərazi münaqişəsini indiyədək həll edə bilmədiyini vurğuladı. Onun sözlərinə görə, münaqişənin həlli məqsədilə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qətnamələr qəbul edilsə də, onlar indiyədək yerinə yetirilməmişdir. Bu hal hüquqşünaslarda beynəlxalq hüquqa etinasız yanaşıldığı üçün məyusluq yaradır.
Berlin Humboldt Universitetində "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva-Maria AuxAzərbaycanda dərin tarixə malik olan dini tolerantlıq və multikultural dəyərlərin mövcudluğunu, ölkəmizdə müxtəlif millətlərin və dini məzhəblərin tarixən bərabər və dinc mövcud olduğunu vurğuladı. Professor Aux bir zamanlar Azərbaycanda məskən salmış almanların Sovet rejimi tərəfindən sürgün edilmiş nəsillərinin taleyi ilə öz torpaqlarından didərgin salınmış azərbaycanlıların taleyi arasında paralel apardı, azərbaycanlıların vətən həsrəti anlayışının almanlara yaxşı məlum olduğunu bildirdi.
Almaniya Bundestaqının deputatı, ATƏT Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin rəhbəri Doris Barnet münaqişənin həllinə töhfə vermək məqsədilə parlamentarilər arasındakı dialoqun əhəmiyyətini vurğuladı və Almaniyanın ATƏT-ə sədrliyi dövründə Mİnsk Qrupunun fəaliyyətinə dəstək verməyə çalışdığını qeyd etdi.
Tanınmış alman şərqşünası, professor Udo Ştaynbax Dağlıq Qarabağ münaqişəsinə dair Avropa İttifaqının vahid mövqedən çıxış etməsi və münaqişənin həllində daha fəal rol oynamasının əhəmiyyətini qeyd etdi.
Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazovmünaqişənin həllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 6-7 iyun tarixlərində Almaniyaya səfəri zamanı AFR-in kansleri xanım Anqela Merkellə keçirdiyi görüşdə əsas mövzulardan biri olduğunu və cənab Prezidentin görüşdən sonra keçirilmiş mətbuat konfransında ölkəmizin münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını vurğulamasını diqqətə çatdırdı. Ölkə səfiri bildirdi ki, kimin təcavüzkar, kimin qurban olduğunu müəyyənləşdirmək üçün işğal xəritəsinə nəzər salmaq kifayətdir. Səfir münaqişənin həllində irəliləyişə nail olmaq üçün yaranmış imkanlardan yararlanmağın vacibliyini vurğuladı.
Tədbirə Almaniya Bundestaqının deputatları, Bundestaqın, AFR hökumət qurumlarının, "beyin mərkəzləri"nin, Berlin universitetlərinin əməkdaşları, tələbə və doktorantlar, mətbuat təmsilçiləri, bütövlükdə yetmişə yaxın iştirakçı qatılıb.