“Business & Diplomacy”: Milli Məclisə seçkilər beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib
Almaniyanın “Business & Diplomacy” jurnalında Azərbaycan Respublikası Milli Məclisinə 2015-ci ildə keçirilmiş seçkilər barədə məqalə çap edilib. Məqalədə seçkiləri müşahidə etmiş jurnalın baş redaktoru Rayner Şubertin seçkilərin gedişatına dair müşahidələri yer alır və seçkiləri izləmiş beynəlxalq təşkilatların rəyləri barədə məlumat verilir.
Yazıda səsvermə prosesinin şəffaf və demokratik keçməsi üçün görülmüş tədbirlər barədə ətraflı məlumat verilir. Təkrar səsvermənin qarşısının alınması üçün barmağın işarələnməsi, seçki məntəqələrinin 20 faizində müşahidə kameralarının quraşdırıldığı, səsvermə günündə partiya və namizədlərin xeyrinə heç bir plakatın görünmədiyi vurğulanır.
Məqalədə seçkilərin 40 beynəlxalq təşkilat və 75 ölkəni təmsil edən 503 xarici, eləcə də siyasi partiyaları və vətəndaş cəmiyyətini təmsil edən 66 minə yaxın yerli müşahidəçi tərəfindən izlənildiyi qeyd olunur. Məlumat verilir ki, arasında Almaniya Bundestaqının deputatlarının da olduğu AŞPA-nın 28 nəfərdən ibarət olan müşahidəçi missiyasının bəyanatında seçkilər peşəkar və texniki cəhətdən yaxşı təşkil olunmuş adlandırılıb. Seçkilərin seçki qanunvericiliyi və beynəlxalq standartlara uyğun keçirildiyi və dinc şəraitdə baş tutduğu bildirilib.
Yazıda vurğulanır ki, budəfəki seçici fəallığı son parlament seçkiləri ilə müqayisədə altı faiz artaraq 55,7 faizə çatıb. Seçkilərdə Yeni Azərbaycan Partiyası 125 deputat mandatından 71-ni qazanıb. AŞPA müşahidəçiləri seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirdiyini, azad və ədalətli seçkilərə doğru növbəti addım olduğunu bildiriblər.
Vüqar Seyidov AZƏRTAC-ın xüsusi müxbiri Berlin http://azertag.az/xeber/Almaniyanin_Business__amp_Diplomacy_jurnali_2015_ci_ilde_Azerbaycanda_kechirilmis_sechkilerden_yazib-924645