Berlində Azərbaycan və Almaniya münasibətlərinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib
Tədbirə qatılmış yüzə yaxın iştirakçını salamlayan “Alman Cəmiyyəti”nin direktoru Andreas Appelt rəhbərlik etdiyi təşkilatın sərgi məkanında Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş müzakirələrin keçirilməsindən məmnunluğunu ifadə etdi. Andreas Appelt həmçinin tədbirdə qoyulmuş “Azərbaycanda alman izləri” fotosərgisinin ərsəyə gəlməsi üçün fotoşəkilləri təqdim etmiş Heydər Əliyev Fonduna minnətdarlığını bildirdi.
Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Almaniya ilə Azərbaycan arasındakı çoxşaxəli münasibətlərin tarixi və hazırki vəziyyətinə dair məlumat verdi. Səfir dövlət başçısı İlham Əliyevin cari ildə Almaniyaya həyata keçirdiyi iki səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfə olduğunu bildirdi.
“Alman-Azərbaycan Forumu”nun sədri, keçmiş dövlət katibi Hans-Eberhard-Şlayer çıxış edərək Azərbaycanın Almaniya üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğuladı, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd etdi.
“Azərbaycan Tələbə Şəbəkəsi”nin icraçı direktoru İbrahim Əhmədov Azərbaycan və Almaniya xalqlarını birləşdirən mədəni bağlardan bəhs edərək bildirdi ki, hər iki xalqın mədəniyyətində ortaq dəyərlər kifayət qədərdir və bu dəyərlər xalqlarımızın sülh və dostluq şəraitində yaşamasını aşılayır.
Daha sonra Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri prof. Eva-Maria Aux Azərbaycanda alman koloniyalarının salınması, almanların Azərbaycanda buraxdıqları irs və bu irsin qorunub saxlanması üçün görülən işlər barədə məruzə ilə çıxış etdi. Prof. Aux bildirdi ki, Azərbaycan xalqının həyatında tarixi bir dəyər olan multikulturalizm və bu gün də davam etdirilən tolerantlıq siyasəti sayəsində Azərbaycanda müxtəlif mədəniyyətlərin və dinlərin sərbəst şəkildə mövcud olması və inkişaf etməsinə hər zaman münbit şərait olub.
Çıxışlardan sonra Almaniya Bundestaqının deputatları – Avropa İttifaqı məsələləri komitəsinin sədri Qunter Krixbaum, Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Tabea Rössner, Xarici əlaqələr komitəsinin üzvü Çarlz Huber və səfir Pərviz Şahbazovun iştirakı ilə Azərbaycan-Almaniya münasibətləri müzakirə edilib.
Qunter Krixbaum Azərbaycanı Almaniya üçün əhəmiyyətli strateji tərəfdaş adlandırdı. Dağlıq Qarabağ münaqişəsinə toxunan Qunter Krixbaum Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq Dağlıq Qarabağı və ətraf yeddi rayonu beynəlxalq hüquqa zidd olaraq işğal altında saxladığını, nəticədə yüz minlərlə azərbaycanlının evindən didərgin düşdüyünü vurğuladı.
Çarlz Huber Azərbaycanın Avropanın enerji təchizatının şaxələnməsində oynadığı konstruktiv rolu vurğuladı, iki ölkə arasında qarşılıqlı maraqlara cavab verən səmərəli əməkdaşlıq üçün böyük potensial olduğunu, xüsusilə də təhsil sahəsində əməkdaşlığın böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Pərviz Şahbazov Ermənistan-Azərbaycan münaqişəsinin həllində Avropanın xarici siyasətində ikili standartların olduğunu diqqətə çatdırdı. O, vurğuladı ki, Ermənistan 20 ildən artıq müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməlidir. Səfir işğalçı dövlətə qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini vurğuladı, eləcə də Almaniyanın ATƏT-ə sədrlik edəcəyi növbəti ildə bu problemin həlli istiqamətində əsaslı addımlar atılacağına ümid etdiyini ifadə etdi.
Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxindən ibarət nümunələr və Azərbaycanda yaşamış almanların tarix və mədəniyyətini əks etdirən materiallar təqdim olundu.