Səfir Ağayev və AFEZ səlahiyyətli qurumunun sədri Ələsgərov Şimali Reyn-Vestfaliyaya səfər ediblər
1 və 2 fevral 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayev Ələt azad iqtisadi zonasının (AFEZ) səlahiyyətli qurumun sədri Valeh Ələsgərovla birlikdə Şimali Reyn-Vestfaliya əyalətinə səfər etmişdir.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Şimali Reyn-Vestfaliya əyalətinin federal və Avropa işləri, beynəlxalq məsələlər və mətbuat naziri, habelə Dövlət Dəftərxanasının rəhbəri Natanel Liminski və sözügedən əyalətin iqtisadiyyat, sənaye, iqlimin mühafizəsi və energetika naziri, eləcə də baş nazirin müavini Mona Noybaur ilə görüş keçirmişdir. Tərəflər Azərbaycan və Şimali Reyn-Vestfaliya əyaləti arasında əməkdaşlığın hazırkı vəziyyətini, eləcə də bu səmərəli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişlər.
Bundan əlavə, 1 fevral tarixində Azərbaycan nümayəndə heyəti Almaniyanın Wilo Group şirkətinin icraçı direktoru Oliver Hermes ilə şirkətin Dortmund şəhərində yerləşən baş qərargahında görüş keçirmişdir. Görüş zamanı şirkətə AFEZ-in əlverişli biznes mühiti, unikal qanunvericilik bazasına malik olması, müasir infrastrukturu və s. barədə məlumat verilmişdir. Öz növbəsində, Wilo Group şirkətinin nümayəndəsi sözügedən şirkətin tarixi, istehsal etdiyi məhsullar və beynəlxalq fəaliyyəti haqqında təqdimatla çıxış etmişdir.
2 fevral tarixində Azərbaycan nümayəndə heyəti Azərbaycanın Almaniyadakı səfirliyi, AFEZ, NRW.Global Bussines, Dortmund Sənaye və Ticarət Palatası, Şimali Reyn-Vesfaliya Sənaye və Ticarət Palatası və Alman İqtisadiyyatının Şərq Komitəsi tərəfindən təşkil olunan biznes forumunda iştirak etmişdir. Səfir Ağayev çıxışında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin artdığını vurğulamış və alman şirkətlərini AFEZ-də mövcud olan əlverişli biznes şəraitindən yararlanmağa çağırmışdır. Valeh Ələsgərov ətraflı təqdimatla çıxış edərək AFEZ-in strateji əhəmiyyətə malik coğrafi mövqeyi, biznes fəaliyyəti üçün əlverişli hüquqi bazaya malik olması, investorlar üçün tanınan imtiyazlar və həyata keçirilən stimullaşdırıcı tədbirlər, AFEZ-dəki müasir infrastruktur və logistika imkanları barədə məlumat vermişdir.