Səfir Nəsimi Ağayev Almaniyanın aparıcı KİV-lərinə müsahibələr verib
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyanın aparıcı media qurumlarından olan Ippen Media və Funke Mediengruppe konsernlərinə müsahibələr verib. Müsahibələr Frankfurter Rundschau, Münchner Merkur kimi tanınmış qəzetlər də daxil olmaqla 40-dan çox qəzetdə və xəbər portalında dərc olunub.
Almaniya prezidentinin Azərbaycana səfərinin tarixi səfər olduğunu qeyd edən səfir, iki ölkə arasında güclənən tərəfdaşlığa diqqət çəkib. O bildirib ki, son üç ildə Qərb ölkələri arasında Azərbaycanın yüksək səviyyədə ən intensiv səfər mübadiləsi məhz Almaniya ilə olub. Almaniyada qurulacaq yeni hökumətin Cənubi Qafqaz siyasətinə dair suala cavab olaraq N.Ağayev bildirib ki, Almaniya xarici siyasətində ənənəvi olaraq davamlılıq təmin olunur və bu hazırkı təlatümlərlə dolu dünyada yaxşı haldır.
Azərbaycan-Ermənistan sülh prosesinə toxunan diplomat sülh sazişinin mətninin birbaşa danışıqlarda tam razılaşdırıldığını, ancaq Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının sazişin imzalanmasına əngəl törətdiyini bildirib: “Bu iddialar aradan qaldırılmalıdır ki, gələcək Ermənistan hökumətləri üçün bu saziş mübahisəsiz və məcburi olsun. Bizə Ermənistanın gələcəkdə Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyəcəyinə dair əminlik lazımdır. Bundan əlavə, ATƏT-in Minsk Qrupu da ləğv olunmalıdır. Top artıq Ermənistanın tərəfindədir.”
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunan səfir deyib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır – Aİ-yə böyük həcmdə təbii qaz ixrac edirik. 2022-ci ildə Ukrayna müharibəsi başlayandan və Avropada enerji böhranı yarandıqdan sonra, Aİ-nin xahişi ilə qaz ixracımızı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəltmişik. Bu gün artıq on Avropa ölkəsi, o cümlədən Almaniya, Azərbaycandan qaz alır.”
Aİ-nin Cənubi Qafqaz siyasətinə gəldikdə N.Ağayev qeyd edib ki, “Avropa siyasətinin məqsədi tərəf tutmaq deyil, Azərbaycan və Ermənistan arasında davamlı sülhün təşviqi olmalıdır”.
Sonda səfir Nəsimi Ağayev bildirib: “Biz Almaniyadakı insanlara göstərmək istəyirik ki, multikultural, dünyəvi, siyasi cəhətdən sabit və iqtisadi cəhətdən güclü Azərbaycan Almaniya üçün etibarlı tərəfdaşdır və əlaqələrimizin daha da dərinləşməsi hər iki tərəfin maraqlarına cavab verir.”
Müsahibələrlə bu linklər vasitəsilə tanış olmaq olar: