Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi münasibətilə Berlində klassik musiqi gecəsi təşkil olunub
Azərbaycanın Almaniyadakı səfirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə oktyabrın 28-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Bəstəkarlar İttifaqının 90 illik yubileyi münasibətilə klassik musiqi gecəsi keçirilib.
Tədbirdə elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, media nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, “UNESCO-nun Sülh Artisti” Firəngiz Əlizadənin "Zəfər" marşının nümayişi ilə başlayıb.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edildiyini diqqətə çatdıraraq, bu yubiley tədbirlərində ölkəmizin zəngin klassik musiqi irsinin geniş təbliğ olunduğunu vurğulayıb.
Diplomat Azərbaycan Bəstəkarlar İttifaqının 90 il əvvəl milli musiqimizin görkəmli nümayəndəsi, müsəlman dünyasında ilk operanın müəllifi, Şərq və Qərb musiqisini bənzərsiz şəkildə birləşdirərək dünya klassik musiqisinin inciləri sırasında yer alan əsərlər yaratmış Üzeyir Hacıbəylinin xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, fəaliyyəti dövründə Azərbaycanın musiqisinin inkişafında mühüm rol oynayan Bəstəkarlar İttifaqı görkəmli bəstəkar Firəngiz Əlizadənin rəhbərliyi ilə Azərbaycanın musiqi irsinin qorunması və inkişaf etdirilməsi missiyasını uğurla yerinə yetirməkdədir.
Tədbirin iştirakçılarına Firəngiz Əlizadənin yaradıcılığı və fəaliyyəti barədə məlumat verən səfir qeyd edib ki, təkrarolunmaz əsərləri ilə dünya miqyasında tanınan bəstəkarın əsərləri ənənəvi Azərbaycan musiqisini müasir, avanqard texnika ilə füsunkar şəkildə birləşdirərək unikal əsərlər yaradıb.
Sonra çıxış edən Firəngiz Əlizadə Azərbaycanın zəngin musiqi irsinin Berlində nümayiş etdirilməsi baxımından tədbirin vacib rol oynadığını qeyd edib. Dahi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinin nümunəsi olan Bəstəkarlar İttifaqının ötən 90 ildə uğurlu inkişaf yolu keçdiyini vurğulayan Firəngiz Əlizadə məhz bu baxımdan qurumun yubileyinin ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd edildiyini bildirib.
Çıxışlardan sonra konsert proqramı təqdim olunub.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri bədii rəhbər və baş dirijor, xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Azərbaycan bəstəkarlarının dünya klassik musiqisinin inciləri sırasında yer alan ölməz əsərlərini ifa edib. Orkestrin ifasında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Asəf Zeynallının, Musa Mirzəyevin, Firəngiz Əlizadənin əsərləri, Akademik Opera və Balet teatrının solisti, əməkdar artist İnarə Babayevanın, solist Rövşən Əmrahovun (violin) əsrarəngiz ifaları musiqili gecənin tamaşaçılarına unudulmaz təəssürat bəxş edib. Konsert gurultulu alqışlarla qarşılanlb.