Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
Azərbaycanın Almaniyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Berlində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edən qonaqlar əvvəlcə xalqımızın bayram adətlərini və milli irs nümunələrini özündə əks etdirən stend, həmçinin Xalq rəssamı Əşrəf Heybətovun Novruz bayramını və yazın gəlişini təsvir edən əsərləri ilə tanış olublar.
Tədbirdə Mədəniyyət Evinin nəzdindəki ana dili kursunda iştirak edən azərbaycanlı uşaqlar Azərbaycanın Dövlət Himnini ifa ediblər. Sonra Novruz adət-ənənələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
“Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri qonaqlara Bahar bayramı, Novruz adət-ənənələri barədə məlumat verib. Daha sonra şagirdləri Bahar bayramını tərənnüm edən şeir və mahnılar oxuyub, habelə milli rəqslərimizi ifa ediblər. Mədəni proqramda təşkil olunan “Nağara” və “Kəlağayı” musiqi nömrələrinin uşaqlar tərəfindən ifası qonaqlarda xoş təəssürat oyadıb və Azərbaycan mədəniyyətinin incəlikləri ilə daha yaxından tanışlıq imkanı yaradıb.
Bayram ənənələrinə uyğun olaraq, tədbirdə yumurta boyama və döyüşdürmə, həmçinin şəkərburanın hazırlanması prosesi ilə bağlı ustad dərsləri təşkil olunub.
Qonaqlar üçün ənənəvi Novruz şirniyyatları və baharın gəlişinin rəmzi olan səməninin bəzədiyi süfrələr açılıb, bayram ab-havası yaradılıb.
https://azertag.az/xeber/berlindeki_azerbaycan_medeniyyet_merkezinde_novruz_senliyi_teskil_edilib-3469479