AFR hökumətinin milli azlıqlar və alman köçkünlər üzrə müvəkkilinin internet saytında Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovla görüşə dair mətbuat məlumatı dərc olunub
Mətbuat məlumatında AFR hökumətinin milli azlıqlar və alman köçkünlər üzrə müvəkkili, Bundestaqın deputatı Hartmut Koşik və səfir Ramin Həsənov arasında 16 may 2017-ci ildə keçirilmiş görüşdə Cənubi Qafqaza alman köçünün xatirəsini yaşatmaq üçün hər iki tərəfin səylərinə dair fikir mübadiləsi aparıldığı bildirilir.
Qeyd olunur ki, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi YUNESKO-nun yubileylər siyahısına qəbul edilib.
Xəbər verilir ki, səfir Ramin Həsənov alman hökumətinin müvəkkilini Azərbaycan tərəfinin yubileylə bağlı çoxsaylı təşəbbüs və tədbirləri barədə məlumantırıb, onu yubiley münasibətilə keçiriləcək bayram tədbirlərinə dəvət edib.
Məlumatda eyni zamanda AFR hökumətinin Cənubi Qafqaza alman köçünün qeyd olunmasına AFR Xarici İşlər Nazirliyi vasitəsilə dəstək göstərdiyi vurğulanır.
Məlumat verilir ki, Azərbaycanda məskunlaşmış almanlar bir neçə yüz nəfərdən ibarət kiçik azlıq olsa da, onların xatirəsi bugün yaşadılır. Səfir Ramin Həsənov görüşdə Azərbaycandakı alman irsinin həm Azərbaycan əhalisi, həm də hazırda Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri üçün əhəmiyyətini vurğulayıb və həmin irsin qorunub saxlanması və təşviqi barədə məlumat verib.
Mətbuat məlumatında həmçinin vaxtilə Azərbaycanda yaşamış almanların təsərrüfat həyatına toxunulur, Concordia kollektivinin istehsal etdiyi keyfiyyətli məhsullarını, o cümlədən şərab məhsullarını həmin dövrdə mövcud olan məhdudiyyətlərə baxmayaraq bütün Sovet İttifaqına satışını təmin etdiyi, bununla yanaşı mədəniyyət obyektləri maliyyəşdirdiyi və kimya laboratoriyaları saxladığı qeyd edilir.
Xəbər verilir ki, Azərbaycan və Gürcüstan birlikdə hər iki ölkədəki tarixi alman məskənlərindən keçən turizm marşrutunun ərsəyə gəlməsini nəzərdə tutan “Almanların izi ilə” adlanan turizm layihəsini həyata keçirmək istəyirlər. Bildirilir ki, AFR Xarici İşlər Nazirliyi də bu layihəni dəstəkləyir.
Mətbuat məlumatında bundan əlavə AFR hökumətinin müvəkkili Hartmut Koşikin Bakıda Goethe Mərkəzinin açılması üçün Azərbaycan tərəfinin göstərdiyi səylərə görə Azərbaycan səfiri Ramin Həsənova təşəkkür etdiyi, eləcə də Azərbaycan tərəfinin alman siyasi fondları ilə əməkdaşlığa hazır olmasını alqışladığı bildirilir.