İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib
Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.
Konsertdə əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Respublikası Prezidenti tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın imzalandığını nəzərə çatdırıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə "Nəsimi İli” elan edildiyini bildirib. O, iştirakçılara İmadəddin Nəsiminin ömür yolu və bənzərsiz yaradıcılığı haqqında məlumat verib.
Səfir 1369-cu ildə Şamaxı şəhərində dünyaya göz açmış İmadəddin Nəsiminin gənc yaşlarından elmə böyük həvəs göstərdiyini, klassik Şərq və yunan fəlsəfəsi, ədəbiyyat, astronomiya, məntiq elmlərini dərindən mənimsədiyini qeyd edib. O, Azərbaycan şairləri ilə yanaşı ərəb və fars yazıçılarının əsərlərinə yaxından bələd olan Nəsiminin Yaxın Şərqin görkəmli mütəfəkkirləri, filosof və alimlərinin əsərlərini mütaliə etdiyini, dövrünün təriqətlərinə maraq göstərdiyini, Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi poeziyanın əsasını qoyduğunu, söz sənətimizi forma və məzmunca zənginləşdirdiyini, özündən sonrakı nəsillər üçün böyük ədəbi irs qoyub getdiyini nəzərə çatdırıb.
Azərbaycanın dünya musiqisinə böyük töhfə verdiyini qeyd edən səfir R.Həsənov müsəlman dünyasında ilk operanın, o cümlədən ilk balet musiqisinin Azərbaycanda ərsəyə gəldiyini nəzərə çatdırıb. Özünün rəngarəngliyi ilə seçilən Azərbaycan musiqi məktəbinin ənənəviliklə yanaşı, müasir formaları da özündə ehtiva etdiyini vurğulayıb. Azərbaycan muğamından söz açan diplomat ölkəmizdə muğamın klassik musiqi ilə sintez edildiyini qeyd edib. Azərbaycanda klassik musiqinin əsasının qoyulmasında xidmətlərinə görə dahi bəstəkar Üzeyir Hacıbəylini xatırladan səfir Firəngiz Əlizadə və onun həmkarlarının dahi bəstəkarın layiqli davamçıları olduğunu diqqətə çatdırıb.
Səfir Ramin Həsənov Azərbaycanın mədəni irsinin qorunub saxlanılmasında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərinin olduğunu qeyd edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığından söz açan Ramin Həsənov onun 2008-ci ildə UNESKO-nun “Sülh Artisti” adına layiq görüldüyünü, Azərbaycan mədəniyyətinin xaricdə tərənnüm edilməsinə, eləcə də dünya musiqisinə böyük töhfə verdiyini nəzərə çatdırıb. O, bəstəkarın Nəsiminin əsərləri əsasında ərsəyə gətirdiyi “Dərviş”, “Zikr”, “Nəsimi Passionu” kimi əsərlərinin olduğunu bildirib.
Səfir konsertin təşkil olunması və ərsəyə gəlməsinə verdiyi töhfəyə görə Azərbaycan Bəstəkarlar İttifaqına və onun sədri Firəngiz Əlizadəyə təşəkkür edərək konserti açıq elan edib.
Konsertdə F.Əlizadə ilə yanaşı digər Azərbaycan bəstəkarlarının – Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub. Xanəndələr, “Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də opera və balet teatrının solisti Mütəllim Dəmirov və soprano - Afaq Abbasova tərəfindən əsərlər ifa edilib. İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.
Konsertdə Almaniyadakı elmi və mədəni ictimaiyyətin, Almaniyadakı səfirliyimizin və diasporumuzun nümayəndələri iştirak ediblər.