Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə möhtəşəm bayram tədbiri təşkil edilib
Xarı Bülbül Azərbaycan Mədəniyyət Evi 15 dekabr tarixində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə möhtəşəm bayram tədbiri təşkil edib. Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycan dilinin, mədəniyyətinin və milli kimliyimizin qorunmasının önəmindən danışıb.
Tədbirin əsasını Xarı Bülbül Azərbaycan Mədəniyyət Evinin Azərbaycan Mədəniyyət Mərkəzində təşkil etdiyi kurslarda iştirak edən uşaqların çıxışları təşkil edib. Azərbaycan dili, nağara və rəqs dərslərində qazandıqları bacarıqları nümayiş etdirən uşaqlar, öz istedadları ilə tamaşaçılara qürurverici və unudulmaz anlar yaşadıblar.
Bu cür kurslar və tədbirlər, həmvətənlərimizin xaricdə öz mədəniyyətlərinə bağlılığını gücləndirməklə yanaşı, uşaqlarımıza milli kimliklərini fəxrlə yaşatmağı aşılayır.