Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Hörmətli xanım Kansler.
Hörmətli qonaqlar.
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.
Biz Sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün Siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir.
İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər - yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək.
Bir daha xoş gəlmisiniz.
X X X
Almaniya Kansleri Angela MERKEL çıxış edərək dedi:
- Hörmətli cənab Prezident.
Hörmətli Azərbaycan tərəfinin nümayəndələri.
Mən çox şadam ki, Azərbaycandayam. Biz artıq bir neçə dəfə görüşmüşük. Amma mən ilk dəfədir ki, bu ölkəyə səfər edirəm.
Bizim çoxtərəfli münasibətlərimiz var. Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək.
Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.
Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.
Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.
Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik.
x x x
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Almaniyanın Federal Kansleri Angela Merkelin şərəfinə nahar verildi.