Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, Almaniya-Azərbaycan Forumu və Berlin Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə 19 noyabr 2018-ci ildə Berlin şəhərində “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq Konfrans keçirilib.
Konfransda Azərbaycan və Almaniyanın dövlət rəsmiləri, o cümlədən müxtəlif ölkələrdən olan ictimai-siyasi, elm və din xadimləri və dini konfessiya rəhbərləri, eləcə də Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin baş katibi şeyxülislam Allahşükür Paşazadə, Almaniya Bundestaqının üzvü, dini azadlıqlar üzrə federal hökumətin xüsusi müvəkkili Markus Qrübel və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Konfransda çıxış edərək tədbir iştirakçılarını salamlayıblar.
Konfransda əsasən dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlıq, beynəlxalq dialoq və həmrəyliyə təhdid yaradan terrorizm, separatizm və ksenofobiya kimi amillər, irqi və dini dözümsüzlük, işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalmış insanların, miqrantların, qaçqın və məcburi köçkünlərin problemləri, gənclərin maarifləndirilməsində, tarixi, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalar və dinlərarası əməkdaşlığın rolu və dövlət, elm və din xadimlərinin dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın təşviqində səylərinin birləşdirilməsinin əhəmiyyəti kimi məsələlər nəzərdən keçirilib.
Konfrans, iştirakçılar tərəfindən “Berlin bəyannaməsi”nin qəbul edilməsi ilə başa çatıb.
Tədbir çərçivəsində Azərbaycanda multikulturalizm və tolerantlığa dair məlumatları əks etdirən kitab, albom və digər materiallar nümayiş etdirilib və iştirakçılara paylanılıb.