“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 oktyabr 2019

Səfir: "Ötən il Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı 71% təşkil edib"

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovun APA-ya müsahibəsi

- Bu gün Azərbaycanla Almaniya arasında münasibətlər hansı səviyyədədir?

- Azərbaycan və Almaniya arasında bütün sahələrdə sıx münasibətlər var və bu münasibətlər daim yüksələn xətlə inkişaf edir. İki ölkə arasında ən yüksək səviyyədə intensiv siyasi dialoq mövcuddur. Siyasi liderlər arasında tez-tez görüşlər baş tutur, qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev son illərdə xanım Kanslerin dəvəti ilə Berlinə, eləcə də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə bu şəhərə bir neçə dəfə səfər edib. Məlumdur ki, ötən il, həmçinin, Almaniya Federal Kanslerinin Azərbaycana ilk səfəri olub və bu səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafına yeni dinamika verib. 

Qeyd etdiyim intensiv siyasi dialoq parlamentlərarası əməkdaşlığa da şamil olunur. Azərbaycan Milli Məclisi və Almaniya Bundestaqı arasında işgüzar münasibətlər var, deputatlar həm ikitərəfli qaydada, həm də beynəlxalq parlament assambleyaları çərçivəsində uğurlu əməkdaşlıq edirlər. 12 iyun tarixində Bakıda ATƏT Parlament Assambleyası Prezidentinin iştirakı ilə Türkiyə və Almaniya deputatları ilə birlikdə Bakı Parlament Platformasının əsasının qoyulması, eləcə də bu münasibətlə keçirilən Bakı Konfransında Bundestaqın vitse-prezident səviyyəsində təmsil olunması sözügedən əməkdaşlığın bariz nümunəsidir. Cari ildə Bundestaqın vitse-prezidenti Tomas Oppermandan başqa, ölkəmizə Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri və sədr müavinlərinin, eləcə də Bundestaqın digər deputatlarının səfərləri baş tutub. Eyni zamanda sevindirici haldır ki, bu il Azərbaycan Milli Məclisinin sədri Almaniyaya ilk dəfə səfər edib, sentyabrın 8-10-da Oqtay Əsədov böyük nümayəndə heyəti ilə birlikdə Almaniyada səfərdə olub, Bundestaqın prezidenti Volfqanq Şoyble və digər rəhbər vəzifəli alman parlamentarilərlə səmərəli görüşlər keçirib. 

İqtisadi sahədə də əməkdaşlıq dinamik surətdə inkişaf edir. Almaniya Kansleri, xanım Anqela Merkelin ölkəmizə səfəri iqtisadi sahədə əməkdaşlığın şaxələnməsi və dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Məlum olduğu kimi, səfər zamanı onun və Prezident İlham Əliyevin iştirakı ilə hər iki ölkənin iş adamları ilə görüş keçirilib. Ötən ilin noyabrında Berlində Bundestaqın deputatı Mark Hauptmann ilə əməkdaşlıq çərçivəsində 1-ci Azərbaycan-Almaniya Biznes Dialoqu baş tutub, bu ilin yanvar ayında Almaniya İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Tomas Barays ölkəmizə səfər edib və səfər çərçivəsində Azərbaycan-Almaniya investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupunun növbəti iclası keçirilib. Qeyd edilən qarşılıqlı səfər və görüşlərin nəticəsi olaraq müxtəlif yeni ideyalar ortaya çıxıb və bir sıra əməkdaşlıq layihələrinin əsası qoyulub.

Həmçinin humanitar sahələrdə - elm, təhsil, mədəniyyət, idman və digər sferalarda ölkələrimiz arasında yaxşı əlaqələr mövcuddur. Təkcə Azərbaycanın xaricdə təhsil üzrə dövlət proqramı ilə Almaniyada 800-ə yaxın gənc azərbaycanlı təhsil alıb və ya almaqdadır. Azərbaycanda alman dili yüksək populyarlığı ilə seçilir. Yaxınlarda Bakıda Göte Mərkəzinin açılması alman dilinin tədrisi işində əlamətdar hadisə olub. Berlinin nüfuzlu Humbolt Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyət göstərir. İki ölkənin incəsənət xadimlərinin birgə layihələri, sərgiləri keçirilir. Hər iki ölkədən olan musiqiçilər qarşılıqlı olaraq Azərbaycan və Almaniyada keçirilən festivallarda həvəslə iştirak edirlər.

Ümumiyyətlə, intensiv təmaslar və sıx əməkdaşlıqla səciyyələnən humanitar əlaqələr iki ölkə arasında cəmiyyətlərarası münasibətlərin sıxlığından xəbər verir. Bu da öz növbəsində Azərbaycan və Almaniyanın qarşılıqlı maraqlara söykənən dövlət siyasəti ilə yanaşı, xalqlarımızın 200 illik ümumi tarixinə söykənir. Məlum olduğu kimi, Azərbaycan 19-cu əsrdə ölkəmizə köç etmiş almanların sevimli vətəni olub və onlar burada yüksək qonaqpərvərlik və tolerantlıqla qarşılanıblar. Ölkəmizdəki alman irsi bu gün dövlət səviyyəsində qorunur və təşviq edilir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda alman məskənlərinin yaradılmasının 200 illik yubileyi hər iki ölkədə yüksək səviyyədə qeyd edilib.

Birgə tarix dövlətlərimiz arasında sıx əlaqələr üçün möhkəm baza yaradır və heç də təsadüfi deyil ki, Almaniya ilə əməkdaşlıq müstəqilliyimizin bərpasından sonra Azərbaycan diplomatiyasının xüsusi diqqət yetirdiyi istiqamətlərdən olub. Azərbaycanın regionda tam müstəqil siyasət aparan, regionun dünya bazarına yolunu açan, dünyanın nəhəng enerji şirkətləri ilə uğurlu əməkdaşlıq edən, dünya ölkələrinin etimadını qazanan, beynəlxalq əməkdaşlıq üçün regional infrastrukturun yaradılmasında başlıca rol oynayan mühüm dövlət olması Almaniyanın da ölkəmizlə əlaqələrə maraq göstərməsini şərtləndirən amillərdir.

Təbii ki, iki dövlət arasında münasibətlərin gündəliyinin mərkəzində duran mövzulardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndiririk. Bu ölkə Minsk qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. Almaniya rəsmiləri dəfələrlə münaqişə tərəfləri arasında müsbət danışıqlar mühitinin yaradılmasına töhfə verməyə hazır olduqlarını bəyan ediblər. Biz Almaniyadan münaqişənin həllində daha fəal olmasını, beynəlxalq hüququn norma və prinsiplərinin qorunması üçün səylərini davam etdirməsini və bu məqsədlə işğalçı Ermənistanın münaqişənin həlli prosesində konstruktiv mövqe tutması üçün imkanlarından yararlanaraq təsir etməsini gözləyirik.

İqtisadi münasibətləri necə qiymətləndirirsiniz? Hər iki ölkə daha çox hansı sahədə qarşılıqlı investisiya qoymağa maraq göstərir? Azərbaycanın ən böyük ticarət partnyoru olan Aİ Azərbaycanın ən böyük ixrac və idxal bazarıdır. Aİ-nin ən aparıcı üzv ölkələrindən biri kimi Almaniyanın buradakı payı necədir?

- Artıq qeyd etdiyim ki, Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir və burada son illərdə xüsusi yüksəliş görmək mümkündür. İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının, “Made in Azerbaijan” brendinin və “Make in Azerbaijan” konsepsiyasının təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumları və ixrac missiyaları ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir.

2011-ci ildə Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu təsis edilib. İşçi Qrupunun indiyədək 8 iclası keçirilib. 2012-ci ildən Azərbaycanda Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir. Bu, Almaniyanın bütün MDB məkanında Moskvadan sonra açılmış ikinci xarici ticarət palatasıdır və onun hazırda hər iki tərəfdən 200-ə yaxın üzvü var. Almaniyada sahibkarlıq fəaliyyəti həyata keçirən və Azərbaycan vətəndaşı olan fiziki şəxslərin, eləcə də təsisçisi Azərbaycan rezidenti olan hüquqi şəxslərin sayı təxminən 160-a bərabərdir.

1995-2019-cu illər ərzində Almaniyadan Azərbaycana 610 milyondan çox ABŞ dolları sərmayə yatırılıb və bunun təxminən 96%-i qeyri-neft sektorunun payına düşür. Eyni zamanda, həmin dövrdə Azərbaycandan Almaniyaya 2.8 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

2018-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 1,9 milyard avro ilə 71% təşkil edib. Öz növbəsində Almaniya Azərbaycanın 4-cü ən mühüm ticarət tərəfdaşı olub. Azərbaycan Almaniyanı xam neftlə təmin edən ölkələr sırasında 2018-ci ildə 8-ci yeri tutub. Eyni zamanda, Almaniya, Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizini dəstəkləyir və Azərbaycanı uzunmüddətli dövr üçün etibarlı tərəfdaş hesab edir. Avropa bazarlarında satış üçün Almaniyanın “Uniper” şirkəti “Şahdəniz 2” yatağından ildə təxminən 1.5 milyard kub metr təbii qaz alacaq.

2018-ci ilin statistikasına görə, ikitərəfli ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 40% artıb ki, bu da, əsasən, qeyri-neft sektorunun hesabına baş verib. Ümumiyyətlə, Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi fəaliyyətində dünyanın mühüm iqtisadi güclərindən olan Almaniya ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan Almaniyanı özünün qeyri-neft məhsullarının ixracı üçün strateji bazar hesab edir və bu müstəvidə, Azərbaycandan Almaniyaya yüksək sağlamlıq keyfiyyətlərinə malik olan müxtəlif kənd təsərrüfatı və qida məhsulları ixrac edilir.

İqtisadiyyatın müxtəlif sektorlarında rəqəmsallaşdırma, yüksək texnologiyalar, kreativ sənayelər və innovasiya üzrə Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, eləcə də Almaniyadan elm, innovasiya, əqli mülkiyyət və texnologiya tutumlu məhsulların idxal edilməsi Azərbaycan üçün maraq kəsb edir. Almaniyanın Avropanın məşhur səyahət və işgüzar təyinat ölkəsi olduğunu nəzərə alaraq, bu ölkədə mehmanxana, restoran və digər xidmət sahələrinə, eləcə də inşaat və daşımalar sektorlarına sərmayə yatırılmasını Azərbaycan investorları nəzərdən keçirə bilər.

Almaniya tərəfi ölkəmizin iqtisadi imkanlarını görür, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə böyük maraq göstərir və bunun üçün mövcud potensialı yüksək qiymətləndirir. Almaniya rəsmiləri hər zaman bəyan edirlər ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən mühüm iqtisadi tərəfdaşıdır.

Almaniya Kansleri Angela Merkelin Azərbaycana ötən ilki səfərindən sonra bu il üçün bənzər səfərlər gözlənilirmi?

- Federal Kanslerin səfərindən sonra artıq qarşılıqlı olaraq bir sıra digər yüksək səviyyəli səfərlər baş tutub. Bu səfərlər həm hökumət qurumları, həm də parlamentlər səviyyəsində həyata keçirilib. Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub. Bundan əlavə, UNESKO Dünya İrsi Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyasında iştirak etmək üçün Almaniyanın Saksoniya federal torpağının baş naziri Mixael Kreçmer ölkəmizdə olub.

Təbii ki, münasibətlərin dinamikasından irəli gələrək ikitərəfli münasibətlərin gündəliyində yeni səfərlərin həyata keçirilməsi daim yer alır və hal-hazırda təkcə Azərbaycan tərəfindən bir neçə yüksək səviyyəli səfərin proqramının hazırlanması üzərində iş gedir. Zamanı yetişəndə həmin səfərlər barədə məlumat ictimaiyyətə açıqlanacaq.

Niyə azərbaycanlı miqrantların ən çox üz tutduğu ölkələrdən biri Almaniyadır? Ümumiyyətlə, səfirlik onlarla hansı mövzularda nə kimi kontaktlar qurur?

- Almaniya, ümumiyyətlə, beynəlxalq miqrasiya proseslərinin mərkəzində yer alan ölkədir. Almaniya dünyanın ən güclü iqtisadiyyata malik olan ölkələri sırasında ilk iyirmilikdə yer alır, güclü təhsil və səhiyyə sistemlərinə, eləcə də aparıcı sənayeyə sahibdir. Təbii ki, bu amillər daha yaxşı təhsil, daha perspektivli iş və ya yeni çağırışlar axtarışında olan bir çox insanın məhz Almaniyaya üz tutmasına səbəb olur. Digər tərəfdən, miqrasiya bəzən sırf şəxsi səbəblərlə əlaqədar olur. Bu, təbii ki hər kəsin öz seçimidir və qloballaşan dünyada miqrasiya adi hal kimi qəbul edilməlidir.

Almaniyaya üz tutan azərbaycanlıların motivləri digər ölkələrin nümayəndələri ilə eynidir. Əslində, Avropada və dünyada söz sahibi olan bir ölkədə yaşayan soydaşlarımızın sayının artması ölkəmizin tanıdılması və Azərbaycan həqiqətlərinin təşviq edilməsi baxımından müsbət haldır. Siyasi baxışları, yaşı və peşə mənsubiyyətindən asılı olmayaraq, bu ölkədəki soydaşlarımız bizim diasporumuzdur və biz onların Almaniyada yaxşı yaşamaları, istədikləri sahələrdə çalışmaları, yüksək vəzifələr tutmaları, siyasi, ictimai, elmi və mədəni fəaliyyətdə seçilmələrində maraqlıyıq.

Bu kontekstdə onu da qeyd etmək istərdim ki, son illər Azərbaycandan Almaniyaya miqrasiyanın bir hissəsini burada ali təhsil almış, doktorluq işini müdafiə etmiş və ya yüksək ixtisaslı işlərdə çalışmaq üçün gəlmiş insanlar təşkil edir.

Təbii ki, Azərbaycan səfirliyi olaraq xaricdə yaşayan soydaşlarımızla müntəzəm əlaqələrin saxlanılması, onlarla əməkdaşlıq edilməsi, eləcə də onların təşviq edilməsi bizim üçün olduqca əhəmiyyətlidir. Bu, həm də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş diasporla iş üzrə dövlət siyasətinin tərkib hissəsidir. Səfirliyimizdə diasporla əlaqələr üzrə məsul əməkdaş var və o, diaspor nümayəndələrinin istənilən müraciəti üçün ilkin ünvandır. Təbii ki, bu sahədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirik. Almaniyanın müxtəlif bölgələrinə səfərlərimiz zamanı biz diaspor nümayəndələri ilə də, o cümlədən həmin bölgələrdə təhsil alan gənclərimizlə görüşlər keçirməyə, onları maraqlandıran sualları cavablandırmağa, onları məşğul edən məsələləri araşdırmağa çalışırıq. Bundan başqa, Almaniyadakı soydaşlarımız səfirliyimizin konsulluq xidmətlərindən də geniş istifadə edirlər.

- Ölkənin haqq səsini çatdırmaqda səfirliklə yanaşı diasporun da böyük rolu olur. Səfir kimi Almaniyada Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz? İki qurum arasında koordinasiya hansı şəkildədir?

- Təbii ki, diasporun mövcudluğu ilə yanaşı, onun təşkilatlanması bizi məşğul edən əsas məsələlərdəndir. Almaniya, həqiqətən, diaspor təşkilatlarımızın sayının çox olduğu ölkələrdəndir. Amma onlar arasında əlaqələndirmə, eləcə də onların fəaliyyətinin səmərəliyinin artırılması da vacib məsələlərdir.

2018-ci ildə Berlində Almaniya Azərbaycanlıların Koordinasiya Şurası təsis edilib və diaspor təşkilatları arasında əsas əlaqələndirmə işi məhz bu qurum vasitəsilə həyata keçirilir. Koordinasiya Şurası, həmçinin, diaspor təşkilatlarının fəaliyyətinə dəstək verir və Almaniyadakı Azərbaycan diasporu ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında körpü funksiyasını daşıyır. Səfirliyimiz Koordinasiya Şurasının işinə yaxından dəstək verir.

Bundan başqa, səfirliyimiz Almaniyada yaşayan soydaşlarmız və təhsil alan gənclərimizlə fərdi qaydada əməkdaşlığa da hər zaman açıqdır. Biz daim fəal və qabaqcıl soydaşlarımızla tanışlıq qurulması, onların səfirliyimizin tədbirlərinə qatılmaları, bizimlə əlaqədə qalmalarına çalışırıq. Diaspor nümayəndələrimizin Azərbaycan həqiqətlərinin tanıdılması üçün elmi, siyasi və ictimai fəaliyyətini olduqca mühüm hesab edirik və bu istiqamətdə ideyaları məmnuniyyətlə müzakirə edirik. Amma təbii ki, diasporun təşkilatlılığı və Azərbaycan naminə səfərbərliyi, ilk növbədə, onun üzvlərinin özündən asılı olan məsələlərdir. Diaspor fəaliyyətində uğurlu olmaq üçün həmvətənlərimizdən öncə könüllülük, iradə, intellektual səviyyə və bacarıqlar tələb olunur. Bunlar ortaya qoyulduqda, səfirlik və digər dövlət qurumlarımızla əməkdaşlıq da daha böyük səmərə verir.

- Azərbaycan alman turistlər üçün nə dərəcədə cəlbedici ölkədir? Ümumiyyətlə, Azərbaycana səfərlə bağlı rəqəmlərdə artım müşahidə olunurmu? Turizm sahəsində əlaqələri inkişaf etdirmək üçün nə kimi tədbirlər görülür? 

- 2018-ci ildə Azərbaycana 18000-ə yaxın alman turist gəlib və əvvəlki illə müqayisədə təxminən 1000 nəfər çox olub. 2019-cu ilin ilk 4 ayı ərzində Azərbaycanı təxminən 5000 alman turisti ziyarət edib. Göründüyü kimi, ölkəmizə gələn alman turistlərinin sayı ildən ilə artmaqdadır.

Azərbaycanın aqro, eko, eno, tibbi, qastronomik və mədəni turizm potensialından irəli gələrək, alman turistlərinin ölkəmizə axınının dəfələrlə artırıla bilməsi üçün böyük imkanlar var. Bu məqsədlə ölkəmizin zəngin mədəniyyətinin və mədəni turizm potensialının Almaniyada təşviq və təbliği fəal surətdə həyata keçirilir, ölkəmiz Almaniyada keçirilən “ITB Berlin”, “Domotex” və “IMEX” kimi nüfuzlu beynəlxalq turizm sərgilərində milli stendi ilə iştirak edir.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, Almaniya özünün müxtəlif sahələrdə nüfuzlu beynəlxalq sərgiləri ilə məşhurdur. Qeyd etdiyim turizm sərgilərindən əlavə burada “Beynəlxalq Yaşıl Həftə”, “Fruit Logistica”, “Anuga”, “ProWein”, “Frankfurt Kitab Sərgisi” kimi dünya şöhrətli tədbirlər keçirilir. Həmin tədbirlərdə daimi iştirakımızla ölkəmizin Almaniyada tanıdılması istiqamətində addımlamış oluruq.

Təbii ki, Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları, Formula 1, Avroliqa finalı və sair kimi yüksək səviyyəli beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın bir səyahət ölkəsi kimi xarici ölkələrə həvəslə səfər edən almanlar arasında tanıdılmasına öz töhfəsini verir.

Eyni zamanda xalqlarımız arasındakı tarixi əlaqələr və ölkəmizdə mövcud olan və qorunan alman irsi də alman turistlərin Azərbaycana marağını stimullaşdıran məsələlərdir. Bunu nəzərə alaraq, biz 200 illik ümumi tariximizi, almanların Azərbaycanda uzun müddət tolerant mühitdə yaşaması, ölkənin siyasi, iqtisadi və mədəni həyatında yaxından iştirak etməsi, 1918-ci ildə çağırılmış parlamentdə öz deputatı ilə təmsil olunması, vaxtilə Bakı şəhərinin bələdiyyə sədrinin alman olması, Bakı və regionlarda alman mədəniyyətinə aid onlarla tarixi abidənin mövcudluğu faktlarının alman ictimaiyyətinə tanıtdırılması üçün səylər göstəririk. Cənubi Qafqazda mövcud olan tarixi alman məskənlərindən keçən Tbilisi-Bakı turizm marşrutu layihəsinin reallaşdırılması da Azərbaycana daha çox alman turistin cəlb olunması üçün yaxşı baza yaradır.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti