Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun 5-6 aprel 2018-ci il tarixində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında açılış nitqi
Zati-aliləri,
Xanımlar və cənablar,
İlk öncə Qoşulmama hərəkatına (QH) üzv ölkələri təmsil edən nümayəndə heyətlərini və 18-ci QH Nazirlər Konfransının digər iştirakçılarını səmimi qəlbdən salamlayıram. Məm çox şadam ki, dünyamıza təsir edən son inkişafları müzakirə etmək və nəzərdən keçirmək üçün biz Bakıda yüksək vəzifəli məmurlar səviyyəsində keçirilən bu iclasda bir araya gəlmişik.
Biz inanırıq ki, bu görüş beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalət, rifah, sülh və təhlükəsizliyin mövcud olduğu dünyanı qurmağa yönəlik səylərimiz üçün növbəti addım olacaq, qarşıdan gələn üç il ərzində Azərbaycanın QH-na sədrliyi üçün körpü quracaq və gələn il Bakıda keçiriləcək növbəti zirvə toplantımız üçün əhəmiyyətli mərhələ olacaqdır.
Bu iki gün ərzində Bakı QH Nazirlər Konfransı mürəkkəb və dəyişən beynəlxalq təhlükəsizlik mühitini, regional və sub-regional siyasi məsələləri, eləcə də QH ölkələrinin inkişafı, sosial və insan hüquqları məsələlərini həll etməyə və gündəlikdə duran ümumi narahatlıq doğuran məsələrə QH-nın vahid, inteqrasiya olunmuş yanaşmasını hazırlamağa çalışacaqdır.
Xanımlar və cənablar,
Bugünkü görüşümüz əhəmiyyətli bir dövrdə beynəlxalq birliyin, eyni zamanda QH ölkələrinin sülh, təhlükəsizlik və davamlı inkişaf üçün yeni ortaya çıxan çağırışlar və imkanlar ilə qarşılaşdığı bir dönəmdə baş tutur. Gələcək keçmişdə olduğu kimi bir çox çətinlik və imkanlar yaradacaq və QH onları həll etmək üçün vahid qalmaqda davam etməlidir. Bütün bunlar QH daxilində inkişaf naminə birgə cəhdlərdə yeni vəzifələr ortaya qoyur və daha çox həmrəylik, dialoq və əməkdaşlıq qurmağın vacibliyini yenidən vurğulayır.
Əhəmiyyətli bir forum kimi QH bütün xalqların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək, hər hansı bir ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təcavüz təhdidləri və ya hərəkərlərindən yayınmaq və güc tətbiq etməmək kimi öz əsas prinsip və məqsədləri ilə dünyada sülh və təhlükəsizliyə töhfə verməyə çalışır.
Milli və beynəlxalq səviyyədə qanunun aliliyinə hörmət beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, iqtisadi və sosial inkişaf məqsədlərinə nail olmaq üçün vacibdir. Buna görə də beynəlxalq hüquqa qarşı seçimli yanaşmalar və ikili standartlardan çəkinməliyik. BMT-nin üzv dövlətləri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının üzv dövlətləri dövlətlərarası münasibətlərdə beynəlxalq hüquqa tam hörmətə nail olmaq naminə gələcək irəliləyişlər əldə etmək məqsədi ilə BMT Nizamnaməsini və beynəlxalq hüquqa hörmət, onu müdafiə etmək, qorumaq və təşviq etmək öhdəliyini yeniləməlidirlər.
Azərbaycan ilk növbədə, beynəlxalq sülhün və təhlükəsizliyin qurulmasında və qorunub saxlanılmasında, həmçinin davamlı inkişafında, sosial və insan hüquqları ilə bağlı məsələlərdə BMT-nin aparıcı rolunu təqdir edir. Bu məqsəqlə Azərbaycan BMT TŞ-da islahatların keçirilməsi ideyasını dəstəkləyir ki, bu da təşkilatın daha səmərəli və effektiv formada işləməsi, müasir dünyanın çağırış və problemlərini həll edə bilməsi deməkdir. Bunu rəhbər tutaraq, BMT-yə üzv dövlətlərinin 3/2-si QH ölkələri tərəfindən təmsil olunduğu üçün BMT-nin islahatına dair təkliflərin bu qrupdan gəlməsi əlbəttə ki nəzərə alınmalı, eşidilməli və hörmət edilməldir.
Xanımlar və cənablar,
Dünyanın müxtəlif yerlərində baş verən müharibələr və silahlı münaqişələr bəzi bölgələrdə siyasi qeyri-sabitliyə, geniş miqyaslı yerdəyişmələrə və gözlənilməz humanitar böhrana səbəb olur. Bu münaqişələr yalnız müəyyən regionlara deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır.
Biz əminik ki, regional və subregional məsələlərə dair Bakı QH nazirlərin aralıq toplantısının nəticələri təhlükəsizlik problemlərinin həllinə və beynəlxalq və regional səviyyələrdə sülh və təhlükəsizliyin gücləndirilməsinə kömək edəcəkdir.
QH-nin gələcək sədr dövləti kimi Azərbaycan bu funksiyanı QH ölkələrində beynəlxalq hüquqa və Hərəkatın möhkəm mövqeyinə əsaslanan münaqişələrin sülh yolu ilə həllinə yardım etmək üçün istifadə edəcəkdir.
Təəssüf ki, Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə regionumuzda təhlükəsizlik, sabitlik və iqtisadi rifaha əsas maneə olmaqda qalır. Artıq iyirmi beş ildən çoxdur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq edir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ərazinin əldə edilməsi məqsədilə gücdən istifadənin yolverilməz olduğunu təsdiqləyən və Ermənistan Respublikasının işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrin 25-ci ildönümünü təəssüflə qeyd edən Azərbaycan beynəlxalq ictimaiyyəti və BMT-ni TŞ-nın müvafiq qətnamələrinin hərtərəfli həyata keçirilməsini dəstəkləməyə çağırır.
Bu mövqe bir çox beynəlxalq təşkilat, o cümlədən Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair qərar qəbul edən və Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyaraq münaqişənin bu prinsiplərə əsaslanan həllini tələb edən QH tərəfindən bir daha təsdiqlənmişdir.
QH-nin üzv dövlətləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair birmənalı və ardıcıl dəstəyi Ermənistana təcavüz nəticəsində əldə edilmiş mövcud status-kvonun heç vaxt qəbul olunmayacağını göstərən mühüm amildir.
Xanımlar və cənablar,
Gündəliyimizdə dayanan iqtisadi və sosial inkişaf sahəsinə gəldikdə isə demək istərdik ki, mövcud beynəlxalq iqtisadi vəziyyət inkişaf etməkdə olan ölkələr üçün fürsətlər, eyni zamanda çağırışlar və risklər təqdim etməyə davam edir. Bir tərəfdən, mövcud liberallaşma dövründə inkişaf etməkdə olan ölkələr qloballaşma prosesindən faydalanır, lakin digər tərəfdən isə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının dünya iqtisadiyyatı ilə sıx inteqrasiyası onları beynəlxalq iqtisadi vəziyyətin tendensiyasına həssas edir. Buna görə, inkişaf etməkdə olan bütün ölkələrin faydalanması üçün beynəlxalq iqtisadi mühitin müsbət elementlərini birlikdə istifadə edə bilərik.
Bu gün, qlobal iqtisadi tənəzzülün təsirləri ilə qarşılaşdığımız bir dönəmdə enerji, nəqliyyat və uzlaşmanın digər əlaqəli komponentləri ölkələrimizin iqtisadi və ticarət inkişafı üçün daha perspektivli amilə çevrilir. Buna görə, iqtisadi inkişaf üçün vacib bir şərt kimi, prioritet sahələr arasında ümumi olaraq nəqliyyat və uzalaşma məsələlərinin inkişafını vurğulamaq vacibdir.
Azərbaycan regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə enerji və nəqliyyat layihələrinin təşəbbüsü və həyata keçirilməsi yolu ilə regional əməkdaşlığa öz töhfəsini vermişdir.
Azərbaycan davamlı enerji layihələrinin təşəbbüsü və həyata keçirilməsi yolu ilə daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş olmuşdur. Xəzər, Qara və Aralıq dənizlərini birləşdirərək müxtəlif boru kəmərləri infrastrukturunu yaratdıq. Bu enerji layihələrinin reallaşdırılması enerji mənbələrinin diversifikasiyasına, həmçinin regionda və daha da kənarda enerji təchizatı və nəqliyyatının təhlükəsizliyini artıracaqdır.
Ötən illər ərzində ölkəmiz təkcə Azərbaycanda deyil, eyni zamanda regionda da nəqliyyat əlaqələrinin inkişafı üçün genişmiqyaslı infrastruktur layihələri həyata keçirmişdir. Bununla yanaşı Azərbaycan hökuməti malların maneəsiz və təhlükəsiz hərəkətinə əsaslanan genişmiqyaslı iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün əlverişli şərait yaradacaq Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb axınları boyunca digər maraqlı və qonşu dövlətlərlə birgə regional və trans-regional çox modallı nəqliyyat dəhlizlərinin inkişafı üçün mühüm addımlar atır.
Sonda ümid edirəm ki, burada keçirilən görüşlərimiz və Bakı Nazirlər Konfransının qlobal və regional məsələlər, eləcə də inkişaf, sosial və insan hüquqları məsələləri ilə bağlı yekun sənədinin maddələri beynəlxalq təhlükəsizliyə, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və QH ölkələrinin iqtisadi inteqrasiyasında praktiki addımlar atmağa töhfə verəcəkdir.
Bununla mən sizə müvəffəqiyyətli və məhsuldar görüşlər arzu edirəm.
Çox sağolun!