Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak edib.
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.
Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısını açıq elan edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Xəzər günü” ilə eyni vaxtda keçirilən Sammitin əhəmiyyətindən danışdı.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Nursultan Abişoviç,
Hörmətli dövlət başçıları,
Hörmətli Sammit iştirakçıları!
İlk növbədə, göstərilən qonaqpərvərliyə və V Xəzər Sammitinin yüksək səviyyədə təşkilinə görə Nursultan Abişoviç Nazarbayevə təşəkkürümü bildirirəm.
Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir. Həmin Zirvə Toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdır. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdır. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər bu gün imzalanacaq “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapmışdır. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir.
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcəkdir. Bu kontekstdə Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlərin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək istərdim.
Bununla yanaşı, Azərbaycan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın və onun protokollarının, eləcə də “Xəzər dənizində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”in razılaşdırılması prosesində də fəal iştirak etmişdir. Bu istiqamətdə aparılan beştərəfli qarşılıqlı fəaliyyətin mühüm nəticəsi kimi cari il iyulun 20-də Moskva şəhərində Xəzəryanı dövlətlər arasında Çərçivə Konvensiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair Protokolunun imzalanmasını yüksək dəyərləndiririk.
Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Son illər Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr icra edilir.
Müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi neft-qaz əməliyyatları da ən yüksək beynəlxalq ekoloji standartlara cavab verir. Azərbaycan Dövlət Neft Şirkəti SOCAR neft-qaz əməliyyatları zamanı ISO Beynəlxalq Standartlaşma Təşkilatının tələblərinə uyğun idarəetmə sistemi qurmuş və sertifikatlaşdırmışdır. Bu istiqamətdə həyata keçirilən layihələr Dünya Bankı Ekspert Şurası tərəfindən iki dəfə “Ali Mükafat”a layiq görülmüşdür. 2015-ci ildən etibarən Azərbaycanda neft-qaz əməliyyatları aparan bütün şirkətlər üçün ən müasir avadanlıqlarla təchiz edilmiş Tullantıların İdarə Edilməsi Mərkəzi yaradılmışdır. Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Azərbaycan infrastrukturun inkişafına böyük önəm verir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə Azərbaycan dünyada infrastrukturun inkişafı səviyyəsi üzrə 26-cı, rəqabətqabiliyyətlilik indeksi üzrə isə 35-ci yerləri tutur.
Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. 2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik.
Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb.
Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir.
Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir. Bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz tranzitinin təmin edilməsi işində əsas rol oynayır.
2013-cü ildə Azərbaycanda ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu zavodda bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər. İndiyədək onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə təmir edilib. 2017-ci ildə istifadəyə verilən, 400 milyon ABŞ dollarına yaxın dəyərində “Xankəndi” gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilmiş bu cür mövcud 10 gəmidən biridir. Hesab edirəm ki, Xəzəryanı ölkələr bu zavodun imkanlarından istifadə edə bilərlər.
Bu ilin may ayında Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası başa çatıb. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın imkanları 25 milyon tona çatdırıla bilər. Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir.
Azərbaycan Xəzəryanı ölkələrin sərhəd və gömrük xidmətləri arasında əməkdaşlığın möhkəmlənməsi işində də fəal rol oynayır. Biz qaçaqmalçılıq, narkotrafik və digər qanunsuz fəaliyyətlərlə mübarizədə fəal və səmərəli iş aparırıq.
Ölkəmizin Sərhəd Xidməti Xəzəryanı dövlətlərin müvafiq qurumları ilə ikitərəfli və çoxtərəfli formatlarda sıx əməkdaşlıq edir. Dənizdə qanunsuz fəaliyyətin profilaktikası və aradan qaldırılması üzrə birgə tədbirlər həyata keçirilir.
Azərbaycan regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur. Ermənistanın işğalı nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının təxminən 20 faizi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir çox aparıcı beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul etmişlər. Bu sənədlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. BMT Təhlükəsizlik Şurası 20 ildən artıqdır ki, münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr öz qüvvəsini itirməyib. Lakin Ermənistan bu qətnamələrə əməl etmir, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistan işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməyə çalışır. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının çoxsaylı tarixi, memarlıq və dini abidələrini məhv etmişdir. İşğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 digər rayon tarixi və əzəli Azərbaycan torpağıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Çıxışımın sonunda əminliyimi bildirmək istərdim ki, Sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
x x x
Sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Zirvə görüşünün əhəmiyyətinə toxunaraq onun Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafına güclü təkan verəcəyini, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edəcəyini bildirdilər.
Mənbə: https://president.az/articles/29673