Almaniyanın nüfuzlu telekanalı WELT TV Almaniyadakı səfirimizdən müsahibə götürüb
Nüfuzlu alman xəbər telekanalı WELT TV Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevdən müsahibə götürüb. Səfir müsahibədə tanınmış alman jurnalist Tatyana Ohmun suallarını cavablandırıb. Sözügedən telekanal müsahibəni canlı yayımlayıb.
Ohm Qarabağdan ermənilərin kütləvi şəkildə köçməsinin səbəbləri ilə maraqlanıb. N. Ağayev Qarabağdan ermənilərin silahlı separatist rejimin rəhbərləri tərəfindən köçə məcbur edildiyini, eləcə də burada onlar və Ermənistandakı siyasətçilər tərəfindən formalaşdırılan qorxu mühitinin əsas rol oynadığını dilə gətirib. Səfir bildirib ki, Azərbaycan tərəfi Qarabağ ermənilərini yaşadıqları məkanda qalmağa, ərazini tərk etməməyə çağırıb, onlara tam hüquqlu Azərbaycan vətəndaşlığı təklif edib. Onlara Azərbaycan Konstitusiyası çərçivəsində nəzərdə tutulan hüquq və azadlıqlardan, eləcə də təhlükəsizlik təminatlarından yararlanmaq tövsiyə olunub.
Səfir həmçinin 30 il əvvəl Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzdən, 7 şəhər, 900 kəndin tamamilə yerlə yeksan olunmasından, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onlara qarşı törədilən etnik təmizləmə və soyqırımı siyasətindən danışıb. N. Ağayev azərbaycanlı əhaliyə qarşı törədilən bütün cinayətlərə baxmayaraq, Azərbaycan tərəfinin qisas hisslərindən uzaq olduğunu, eyni əməlləri törətməkdən çəkindiyini vurğulayıb. O, Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpası üçün hazırda ən düzgün addımın gələcək barədə düşünmək və iki dövlət arasında ən qısa zamanda sülh sazişinin imzalanmasına nail olmaqdan ibarət olduğunu diqqətə çatdırıb.
Ohm Avropa siyasətçiləri tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışlar edildiyini qeyd edib və Azərbaycan səfirinin buna münasibəti barədə soruşub.
Ağayev aparıcının sualına ritorik sualla cavab verib. Bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ildən artıq işğal altında saxlayıb, 1 milyondan artıq azərbaycanlını öz yurd-yuvalarından qovaraq onlara qarşı soyqırımı törədib, bununla bağlı Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilibmi və ya hər hansı təzyiq göstərilibmi? Səfir Azərbaycan cəmiyyətində bəzi Avropa dövlətləri tərəfindən ölkəmizə qarşı tətbiq olunan ikili standartların təəccüb və narazılıqla qarsalandığını ifadə edib. Əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edəndə tənqid edilir, Ukrayna isə eyni addımı atanda hər cür dəstək alır. Bu isə ikili standartların və ərazi bütövlüyü prinsipinə münasibətdə selektiv yanaşmanın göstəricisidir.
Müsahibə iə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:
https://www.youtube.com/watch?v=TQ1HNUvOvOY
https://fb.watch/nvFeQb4CV3/ (ingilis dilində subtitrlərlə)